Gemoroy müalicəsi
Gemoroy – həm qadınlar, həm də kişilər arasında geniş yayılmışdır. İlkin mərhələlərdə xəstəlik gizli getsə də, sonralar babasil qaşınması, anal nahiyədə ağrı və qanaxma müşahidə edilir. İnsanların əksəriyyəti proktoloqun müayinəsindən keçməyə utandıqlarından xalq təbabəti ilə müalicəyə üstünlük verirlər. Və yaxud aptekdən kor-koranə babasil mazları, krem, şam (Relif, Çaytikanı şamı) alırlar. Lakin bu əsla düzgün addım deyil.
Xəstəliyin qeyri-peşəkar müalicəsi ağır fəsadlara gətirib çıxara bilər. Belə hallara yol verməmək üçün vaxtında həkimə müraciət etmək lazımdır. Gemoroy müalicəsi medikamentoz (dərman preparatları) və cərrahi yolla aparılır. Proktoloq xəstəliyin mərhələsini, pasiyentin ümumi halını nəzərə almaqla müalicə sxemi barədə qərar verir.
Gemoroy müalicəsi – dərmanlar
Erkən dövrlərdə xəstələrə iltihabəleyhinə, ağrıkəsici, trombolitik, qandayandırıcı və flebotonik vasitələr təyin edilir. Babasil dərmanı gemoroy əlamətlərini xeyli yüngülləşdirir.
Gemoroyun patogenetik müalicəsi
Terapiya qəbizliyin aradan qaldırılmasına, həzm prosesinin normaya salınmasına yönəldilir. Bu məqsədlə pəhriz və mədə-bağırsaq traktının fəaliyyətini normaya salan preparatlar məsləhət görülür.
Damarların tonusunu artıran dərmanlar
Venaların tonusunu yüksəltmək üçün troksevazin, tribenozid əsaslı flebotonik vasitələr tövsiyə olunur.
Gemoroy müalicəsi – trombəleyhinə terapiya
Babasil düyünlərinin trombzunda antikoaqulyantlar, əsasən heparin mazı faydalı sayılır. Xəstəliyin kəskin mərhələsində, həmçinin düyünlər iltihablaşdıqda iltihabəleyhinə, trombolitik və ağrıkəsici komponentlərdən ibarət kombinəolunmuş preparatlara ehtiyac yaranır. İltihab ətraf toxumalara yayıldıqda Levomikol və ya Levosil mazı təyin edilir.
Gemoroy müalicəsi – cərrahi üsul
Cərrahi müdaxilə yalnız xəstəliyin gecikmiş dövrlərində icra olunur. Müasir dövrdə az travmatik üsullara üstünlük verilir:
İnfraqırmızı fotokoaqulyasiya
Babasil düyünlərinə termokoaqulyatorun yaratdığı yüksək temperaturla təsir göstərilir. Aparatın işçi hissəsi 1-2 saniyə müddətində düyünün üzərinə qoyulur. Nəticədə mikroyanıq baş verir. Qan təhcizatının dayandırıldığı düyün zamanla qopub düşür. Cərrahi müdaxilədən sonra reabilitasiya dövrü təxminən 1 gün çəkir.
Skleroterapiya
Babasilin ilkin dövrlərində tətbiq edilir. Düyünə xüsusi iynələrlə sklerozlaşdırıcı maddə yeridilir. Bununla əlaqədar düyün atrofiyaya uğrayır.
Gemoroy müalicəsi – Lateks halqalarla liqaşur
Düyünün əsasında xüsusi alət vasitəsilə dar həlqə taxılır. Ora qan axını dayandığından düyün 7-10 gündən sonra qopur.
Hemorroidal arteriyaların transanal dezarterizasiyası
Bu prosedurun mahiyyəti düyünün qidalanmasını pozmaqdan ibarətdir. Doppler müayinəsi altında həkim düyünlərə gedən arteriyaların son şaxələrini taparaq, onları bağlayır. Zamanla düyünlər atrofiyalaşır. Reabilitasiya dövrü 1-2 gün sürür.
Gemoroy müalicəsi – Elektrokoaqulyasiya
Babasilin ilkin mərhələlərində həyata keçirilir. Həkim 2 elektrodlu pinsetin köməyilə düyünün əsasını sıxır. Elektrodlara verilən fasiləli cərəyan bu hissədəki toxumaları məhv edir.
Lazer koaqulyasiya
Koaqulyasiyanın digər növləri ilə müqayisədə bu prosedur daha az travmatik və ağrısız sayılır. Fokuslanmış lazer şüası xarici düyünləri ayaqcığından kəsir, daxili düyünləri isə içəridə yandırır. Onların yerində birləşdirici toxuma əmələ gəlir. Lazer koaqulyasiyadan sonra çapıq qalmır.
Gemoroy müalicəsi – xalq təbabəti
Xalq təbabətində istifadə olunan reseptlər əsas terapiya qismində deyil, müalicə kursuna əlavələr şəkilində tətbiq edilə bilər. İtihabəleyhinə və qandayandırıcı xüsusiyyətlərə malik bitkilərin: gicitkan, asqırıqotu (tısyaçelistnik) dəmləmələri faydalı sayılır. Bəzi otlar damar divarlarını möhkəmləndirir. Venaların tonusunu artıran bitkilərə at şabalıdı, itburnu aiddir. Onları dəmləyib içmək tövsiyə olunur. Xarici babasilin müalicəsində adaçayı, çobanyastığı, gülümbahar çiçəyi ilə vannalar müsbət nəticələr verir. Onlar babasil əlamətlərini xeyli azaldır.
Ümumiyyətlə, gemoroy müalicəsi xəstəliyin profilaktikası ilə müqayisədə qat-qat çəkindir. Gemoroyun qarşısını almaq xüsusi zaman və məsrəf tələb etmir. Bunun üçün gün ərzində minimum 300 qram meyvə-tərəvəz yemək, ən azı 8 stəkan su içmək, bağırsağı vaxtlı-vaxtında boşaltmaq və fiziki aktivliyi artırmaq kifayətdir.
Anus ətrafinda yaranan cox sayli kiçik duyunləri nece mualice etmek olar.onlar itsin duyunlər qalmasin?
Salam. Düyünlərin ölçü və vəziyyətinə baxılmalıdır.