Babasil üçün ən yaxşı şam
Babasil zamanı dərman vasitəsi xəstəliyin əlamətləri, ağırlıq dərəcəsi, fəsadlar və əks-göstərişlərə uyğun təyin edilir. Babasil üçün ən yaxşı şam seçərkən xəstəliyin hansı simptomunun (məsələn, babasil qanaması, qaşınma, ağrı, iltihab və s.) daha kəskin olmasını nəzərə almaq lazımdır.
Babasil üçün ən yaxşı şam – ağrıkəsici və spazmolitik
Anal nahiyədə güclü ağrı olduqda tətbiq edilir. Belə hallarda həkim-proktoloq tərkibində ağrıkəsici komponenti olan şam (Relif Advans, Olestezin, Prokto-Qlivenol) məsləhət görür.
Babasil üçün ən yaxşı iltihabəleyhinə şam
Babasil düyünləri iltihablaşdıqda tövsiyə olunur. Bu qrupa ibuprofen (Nurafen), Diklofenak və İxtiol şamı daxildir. Əgər iltihab anal nahiyənin dərisində yaranıbsa, adı çəkilən preparatların maz forması (İxtiol mazı və s.) effektiv sayılır.
Babasil üçün ən yaxşı şam – damardaraldıcı və qansaxlayıcı
Babasil düyünləri qanadıqda qan dayandırıcı və venaları tonuslandıran maddələrdən (adrenalin, tribenozid, fenilefrin hidroxlorid) hazırlanan şam istifadə edilir. Belə preparatlara Relif və Prokto-Qlivenol aiddir.
Babasil üçün qaşınma və iltihab əleyhinə vasitə
Anal nahiyədə güclü qaşınma olduqda hormonal tərkibli şamlar (Hepatotrombin Q, Ultraprokt, Proktosedil) köməyə gəlir. Kortikosteroidlər həm də damar keçiriciliyini və şişkinliyi azaldır.
Babasil zamanı ən yaxşı tromb əleyhinə şam
Əksər hallarda daxili babasili olan xəstələrdə hemorroidal düyünlərin trombozu müşahidə edilir. Tromblaşma prosesini dayandırmaq və damarların divarını möhkəmlətmək məqsədilə heparin əsaslı rektal şam (Hepatotrombin, Niqepan) təyin olunur.
Babasil üçün ən yaxşı şam – ödem əleyhinə və quruducu təsirli
Belə preparatların (Proktozan, Neoanuzol) tərkibinə vismut və sink daxildir. Şamın təsirindən iltihablaşmış toxumalar quruyur, şişkinlik aradan qalxır, düz bağırsağın zədələnmiş sahələri dezinfeksiya olunur.
Babasil üçün ən yaxşı şam – angioprotektor
Proktoqlivenol, Metilurasil, Proktis-M şamları damar keçiriciliyini azaldır, qan axınını normaya salır.
Şam necə istifadə edilir?
Babasil şamı adətən gün ərzində 2 dəfə tətbiq edilir: səhər və axşam. Ehtiyac yarandıqda hər defekasiya aktından sonra da onları qoymaq olar.
Rektal şamı təbii yolla və ya imalə, qliserin şamı, yüngül təsirli işlədicilərlə bağırsağı boşaltdıqdan sonra istifadə edin. Prosedura başlamazdan əvvəl anal nahiyə və əllərinizi yaxşıca yuyub, qurudun.
Şamın yeridilməsini asanlaşdırmaq üçün onun üzərinə 1-2 damcı su əlavə etmək məqsədəuyğundur. Xəstə böyrü üstə uzanaraq, dizlərini sinəsinə sıxmalıdır. Belə vəziyyətdə şamı düz bağırsağa daxil etmək rahatdır. Şamı içəri saldıqdan sonra qarnı üstə 30 dəqiqə uzanmaq lazımdır. Çünki şam tez əriyir və onun xaricə axması müalicənin təsirini zəiflədə bilər.
Qeyd: şamı çox da dərinə itələməyə gərək yoxdur. Dərmanın tərkibindəki aktiv maddələr birbaşa anus dəliyə yaxın hissələrə təsir göstərməlidir.
Xarici babasilin müalicəsində şamı tamamən daxilə salmayın. Onu 1 neçə dəqiqə ərzində (preparat tam əriyənə qədər) salfetlə tutub saxlayın.
Şam qoyduqdan sonra 1 saat müddətində tualetə getməyə icazə verilmir.
Dərmanın dozası və müalicə müddəti həkim tərəfindən fərdi qaydada təyin edilir. Onu özbaşına artırmaq və ya azaltmaq qadağandır.
1 həftə ərzində əlamətlər yüngülləşməzsə, əksinə onlara güclü qanaxma və şüddəli ağrı qoşularsa, mütləq həkimlə əlaqə saxlayın.