Babasil kremləri
Babasil üçün kremlər əsasən xarici düyünlərin müalicəsində təyin edilən preparatlardır. Hemorroy əleyhinə mazlar və babasil kremləri tərkibinə görə bir qədər fərqlidir. Belə ki, babasil kremləri və gellər su əsasında buraxılır. Mazların əsası isə efir və müxtəlif neytral yağlardan təşkil olunmuşdur. Əgər müqayisə etsək təsir mexanizminə görə mazlar daha effektivdir. Çünkü onların tərkibində aktiv maddənin konsentrasiyası daha yüksəkdir.
Babasil kremləri nümunələrinə nəzər yetirək:
Prokto-Qlivenol
Aktiv maddəsi lidokain+tribenoziddir.
Yerli istifadə üçün nəzərdə tutulub. 2 qat təsirə malikdir: venatonuslandırıcı və iltihabəleyhinə.
- Damarların tonusunu yaxşılaşdıraraq, venoz durğunluğu, kapilyar və venulaların keçiriciliyini azaldır, nəticədə mikrosirkulyasiyanı tənzimləyir.
- İltihabın, ağrı sindromunun yaranmasına və yayılmasına şərait yaradan bəzi endogen hissəciklərə təsir edərək, əlamətləri azaldır.
Lidokain isə yerli keyidicidir. Krem formasında Prokto-qlivenol həm xarici babasil müalicəsi, həm də daxili düyünlər üçündür.
İstifadə qaydası:
Babasil əlamətləri kəskinləşdikdə preparat səhər və axşam saatlarında istifadə edilir. Simptomların söndüyü dövrdə isə gündə 1 dəfə tətbiq oluna bilər. Daxili babasil zamanı krem xüsusi başlıqla anal dəlikdən daxil edilir.
Əks göstərişlər:
– böyrək çatışmazlığı;
– qaraciyər çatışmazlığı;
– hamiləliyin ilk trimestri;
– preparatın tərkibindəki komponentlərə qarşı həssaslıq.
Əlavə təsirləri:
Anal nahiyədə yanğı hissi, bir qədər ağrı, bağırsaq peristaltikasının güclənməsi.
Xüsusi göstərişlər:
Əgər preparatın fonunda pasiyentin vəziyyəti yaxşılaşmasa, diaqnoz dəqiqləşdirilməli, ya da proktoloq həkiminiz başqa bir preparat təyin etməlidir. Müalicə zamanı xəstə anal nahiyənin gigiyenasına riayət etməli, qəbizlik yarada biləcək qidalardan və stressdən uzaq durmalıdır.
Relif pro
Babasil kremləri arasında ən geniş istifadə edilən preparatdır. Aktiv maddəsi lidokain+fluokortolondur.
İstifadəsinə göstərişlər:
Hemorroy, proktit, anal nahiyədə ekzema.
Dərman anal nahiyənin gigiyenasından sonra səhər və axşam vaxtlarında babasil düyünlərinə çəkilir. Əlamətlər zəiflədikdə istifadəsi gündə 1 dəfəyə qədər azaldıla bilər.
Digər dərman preparatları ilə əlaqəsi:
Aritmiyaəleyhinə dərmanlar içən xəstələr Relif pronu çox ehtiyyatla istifadə etməlidirlər. Çünki digər preparatların da tərkibində lidokain mövcuddur.
İstifadəsinə əks göstərişlər:
– Vərəm;
– Sifilis;
– Preparatın komponentlərinə qarşı allergiya;
– Hamiləliyin ilk trimestri;
– Uşaqlar və yeniyetmələr.
Xüsusi göstərişlər:
Aritmiya əleyhinə dərman içən xəstələr bu preparatı ehtiyatla qəbul etməlidirlər. Göbələk infeksiyası olduqda göbələkəleyhinə preparatlar istifadə edilməlidir.
Phlebocreme
Bu tip kremləri həkim-proktoloq hemorroyun kəskinləşmiş mərhələlərində simptomları yüngülləşdirmək məqsədilə təyin edir. Gündə 2-3 dəfə tətbiq olunur. Hamilələrə, süd verən analara və uşaqlara əks göstərişdir.
Doloproct
Doloproct – effektiv babasil kremləri sırasına daxildir. Gündə 2 dəfə istifadə etmək məsləhət görülür. İltihabı və qıcıqlanmanı azaldır. Uşaqlıq və hamiləlik dövründə tətbiqi qadağandır.
Yuxarıda sadalanan babasil kremləri həkimlər tərəfindən çox geniş təyin edilən, effektiv vasitələr olmasına baxmayaraq, hər bir dərman kimi onların da müəyyən əlavə təsirləri var. Odur ki, həkimlə məsləhətləşmədən bu və ya digər dərmanları özbaşına istifadə etmək olmaz.