Babasil qanaması
Babasil qanaması – anal nahiyənin mağaralı cisimciklərində dəyişikliklərin baş verməsi nəticəsində hemorroidal düyünlərdən qanaxma ilə xarakterizə edilir. Əksər hallarda, defekasiya (nəcisin xaric olması) zamanı daxili babasil düyünləri zədələnir – babasil qanamaları baş verir.
Babasil qanaması nədən baş verir?
Babasil qanaması anal nahiyədə təzyiqin artması nəticəsində meydana çıxır. Təzyiq xroniki qəbizlik, uzun müddətli oturaq və ya ayaqüstü vəziyyət, ağır fiziki iş, hamiləlik, genetik meyllilik və s. kimi amillərinin təsirindən yüksəlir.
Qanama həmçinin acılı qidalar və spirtli içkilərdən həddindən artıq istifadə edən insanlarda qaraciyər sirrozu fonunda portal (qaraciyərin qapı venasında) hipertenziya (yüksək təzyiq) ilə əlaqədar əmələ gələ bilər.
Babasil zamanı qanaxma əlamətləri
Qanaxma defekasiya aktından dərhal sonra anusdan xaricə tökülən al-qırmızı damcı və şırnaq formasında özünü büruzə verir. Bundan əlavə, babasil qanaması tualet kağızı, unitaz və alt paltarda ləkə şəkilində görünə bilər. Belə hallar adətən ağrı ilə müşayiət edilmir və çox zaman gözlənilmədən baş verir.
Əksər insanlarda babasil qanaması defekasiyanın sonunda başa çatır və növbəti dəfə nəcis ifraz olunduqda yenidən təkrarlanır. Babasil xəstəliyi ağırlaşdıqda, düyün düz bağırsaqdan sallandıqda (boğulduqda) qanaxma güclü ola bilər. Belə vəziyyətlər çox vaxt dəmir defisitli anemiyaya gətirib çıxarır.
Qanaxmanın növləri
Klinik simptomların dərəcəsindən asılı olaraq, qanaxma 2 formaya bölünür: erkən mərhələdə yüngül və orta, sonrakı dövrlərdə isə ağır dərəcəli. Sonuncu halda qanaxma güclü xarakter daşıyaraq, hər defekasiya aktında sıçrayışlar şəklində baş verir.
Yüngül formalı qanaxma isə qeyri-sağlam pəhrizlər, həmçinin xroniki qəbizlik zamanı meydana çıxır. Bəzən qanaxmalarla birlikdə digər düz bağırsaq xəstəlikləri məsələn, anal çat, paraproktit, fistula inkişaf edir. Nəticədə, qanaxma əlamətlərinə irinli və selikli ifrazat, yüksək hərarət də qoşulur.
Diaqnostika
Anal dəlikdən qanaxma müşahidə olunduqda mütləq proktoloq həkimə müraciət etmək lazımdır. Həkim xəstəni ilk növbədə palpasiya (əllə müayinə) edir. Daha sonra bir sıra instrumental müayinələr: rektoromanoskopiya, anoskopiya və ya kolonoskopiya aparılır. Qanın ümumi və biokimyəvi analizləri təyin edilir.
Bəzi hallarda irriqoskopiya (yoğun bağırsağın kontrast rentgenoqrafiyası) və qarın boşluğu orqanlarının ultrasəs müayinəsinə ehtiyac yaranır.
Babasil qanaması necə müalicə olunur?
Yüngül formalarda konservativ (dərman) terapiya tətbiq edilir. Fizioterapevtik prosedurlar, antiseptiklərlə müalicəvi vannalar effektiv sayılır. Babasil qanaxması müalicəsi zamanı Trokserutin və Detraleks kimi dərmanlardan istifadə edilir. Həmçinin iltihabəleyhinə babasil şamı təyin olunur.
Ağırlaşmış hallarda babasil qanaxmasının müalicəsi məqsədilə cərrahi müdaxilələr yerinə yetirilir. Bunlara infraqırmızı koaqulyasiya, bipolyar elektrokoaqulyasiya, latekslə liqaşuru misal göstərmək olar.
Babasil qanaması profilaktikası
Qanaxmanın qarşısını almaq üçün spirtli içkilərdən və ağır fiziki işlərdən imtina edilməli, anal nahiyəyə düzgün gigiyenik qulluq göstərilməli, aktiv həyat tərzinə riayət olunmalıdır. Hamilə qadınlar xüsusi idman hərəkətlərini yerinə yetirməlidir.
Ən önəmlisi isə defekasiyadan sonra qan ləkəsi aşkar olunduqda, özünü müalicə əvəzinə, vaxt itirmədən mütəxəssisə müraciət edilməlidir.
Babasil qanaxmasi