Anuzol şamı
Babasil xəstəliyinin 2 yaranma səbəbi mövcuddur: düz bağırsaq venalarının genişlənməsi və bu nahiyənin əzələlərinin mexaniki zədələnməsi.
Çox zaman babasilin inkişafı oturaq həyat tərzi, qeyri-düzgün qidalanma, bağırsağın vaxtında boşaldılmaması və hamiləlik dövrü ilə bağlı olur. İlkin mərhələlərdə xəstəlik simptomsuz gedir. Zamanla anal nahiyədə yad cisim hissi, babasil qaşınması və nəcis ifraz edərkən qanaxma müşahidə edilir.
Vaxtında müalicə aparılmadıqda cərrahi əməliyyat tələb olunur. Xəstəliyin kəskin dövrlərində əlamətləri zəiflətmək məqsədilə babasil üçün şamlardan istifadə edilir. Onlar arasında ən effektiv preparat Anuzol şamı hesab olunur.
Anuzol
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Spazmolitik, antiseptik, büzücü, quruducu və ağrıkəsici təsirlərə malikdir.
Dərmanın tərkibinə xanımotu ekstraktı, vismut oksid, kseroform, qliserin və sink sulfat daxildir. Bu maddələrin kombinasiyası hemorroidal düyünlərə effektiv şəkildə təsir göstərməklə, xəstənin vəziyyətini xeyli yaxşılaşdırır.
Anuzol şamı hansı xüsusiyyətləri ilə seçilir?
- Spazmolitik – saya əzələlərin tonusunu azaldır, spastik qəbizliyi aradan qaldırır, yerli qan dövranını yaxşılaşdırır;
- Qaşınma əleyhinə – anal nahiyədə diskomfort hissini yox edir;
- Quruducu – Anuzol şamı anal çat zamanı sulu yaraların yaranmasına yol vermir;
- Antiseptik – perianal nahiyənin çatını infeksiyalardan təmizləyir, yara səthlərinin sağalmasında iştirak edir;
- Büzücü – babasil qanamalarının qarşısını alır.
- İltihabəleyhinə – xəstəliyin kəskin gedişində düyünlərin iltihabını azaldır.
Anuzol şamı və onun komponentləri
Xanımotu ekstraktı – rektal formada istifadə edildikdə düz bağırsağın saya əzələlərindəki reseptorlara təsir göstərməklə, spazmı aradan qaldırır. Həmçinin ağrı hissiyyatını azaldır.
Kseroform – büzücü və dezinfeksiyaedici təsirlərə malikdir.
Vismut oksid – babasil düyünlərinin üzərini örtən spesifik təbəqə əmələ gətirməklə, onları bakteriyalardan qoruyur. Bununla yanaşı düz bağırsağın selikli qişasını zədələnmələrdən müdafiə edir, qanaxmalara yol vermir.
Sink sulfat – anal nahiyənin selikli qişasını bürüyür, iltihabəlehinə və yarasağaldıcı təsir göstərir.
Qliserin – bərk nəcis kütlələrini yumşaltmaqla, babasil düyünlərinin zədələnməsinə imkan vermir, nəcis ifrazını xeyli asanlaşdırır.
Anuzol şamı kimlərə uyğundur?
Anuzol aşağıdakı patologiyalarda yüksək nəticələr göstərir:
- Kəskin və xroniki xarakterli daxili babasil;
- Anal çat və babasil düyünlərinin zədələnməsi;
- Anal nahiyədə göynəmə, qaşınma və qıcıqlanma.
Anuzol şamı kimlərə qadağandır?
- Preparatın tərkib komponentlərinə qarşı allergiyası olan şəxslər;
- Hamilələr və südverən qadınlar;
- 12 yaşdan kiçik uşaqlar;
- Bağırsaq peristaltikası zəif olan (atoniya) xəstələr.
Anuzol şamı necə istifadə olunur?
Şamı istifadə etməzdən əvvəl proktoloqun müayinəsindən keçmək tövsiyə olunur. Çünki preparat özbaşına tətbiq edildikdə xoşagəlməz hallar meydana çıxa bilər. Həkim isə şamı təyin edərkən pasiyentin ümumi vəziyyətini, xəstəliyin dərəcəsini, yanaşı qəbul edilən dərmanları nəzərə alır.
Şamı düz bağırsağa daxil etməzdən əvvəl bağırsaq boşaldılmalı, anorektal nahiyə sabunla yuyulmalıdır. Xəstə arxası üstə uzanaraq, dizlərini bükməlidir. Şamı mümkün qədər dərinə itələdikdən sonra təxminən 15 dəqiqə sakit vəziyyətdə qalmaq gərəkdir.
Gündəlik doza 1-3 şam təşkil edir. Müalicə kursu adətən 10-14 gün davam edir.
Anuzol şamı qiyməti
Şamın qiyməti 2-3 AZN arasında dəyişir. 1 qutuda 10 ədəd şam və içlik vərəqəsi vardır.