Babasil üçün şamlar
Babasil xəstəliyinin müalicəsində istifadə edilən vasitələrdən biri də şamlardır. Babasil şamı – yerli tətbiq üçün nəzərdə tutulmuşdur. Onun tərkibindəki aktiv maddə tez sorularaq, xəstənin narahatlıqlarını qisa zaman ərzində yüngülləşdirir. Anal çat və babasil xəstəliyi zamanı istifadə olunan şamlar tərkib və təsirlərinə görə müxtəlif olur. Belə ki, bir qrup dərmanlar iltihabı azaldır, digərləri ağrını dayandırır, bəziləri isə qanaxmanı kəsir. Düzgün seçim xəstəliyin bir istiqamətdə deyil, kompleks şəkildə müalicə olunmasına səbəb olur.
Babasil üçün şamlar aşağıdakı qruplara ayrılır:
- Ağrıkəsicilər. Bu dərman preparatları babasildə müşahidə olunan ağrı simptomunu aradan qaldırmağa kömək edir. (məsələn, novakain, benzokain, lidokain tərkibli).
- Hemostatiklər (qanaxmanı dayandıran). Həkimlər bu qrup dərmanları daxili babasil xəstəliyində təyin edir. Həmin şamlar aktiv komponentləri hesabına babasil qanaması hallarında qan itkisinin qarşısını alır.
- İltihab əleyhinə şamlar. Bakterosid təsir göstərir. Onlar düz bağırsağın selikli qişasındaki iltihabı azaldır.
- Venotoniklər. Tonuslandırıcı xüsusiyyətə malikdir. Belə şamlar qan dövranını yaxşılaşdırır və tromb əmələ gəlməsinin qarşısını alır. Venotoniklərin təsirindən hemorroid düyünlər kiçiilir.
- Antiseptiklər. Anal nahiyədə bakteriyaların inkişafının qarşısını alır.
- Antikoaqulyantlar. Qanın laxtalanmasına, tromblaşmaya mane olur. Heparinin yerli istifadəsi zədələnmiş toxumaları bərpa edir.
- İşlədicilər. Anal çatın sağalmasına kömək edir. Bu tip şamlar düz bağırsaqdakı nəcis kütləsini yumşaldır, qəbizliyin qarşısını alır.
- Bərpaedicilər (regenerasiyaedicilər). Zədələnmiş toxumanın sağalmasını təmin edir.
Əczaçılıq sənayesi həm daxili, həm də xarici babasilin müalicəsi üçün növbənöv şamlar istehsal edir. Onların hər birinin üstün və çatışmayan cəhətləri var. Apteklərdə satılan bir çox babasil şamı geniş spektrli təsirə malikdir, qarışıq tərkibli vasitələr xəstəni eyni zamanda bir neçə simptomdan (şikayətdən) azad edir.
Babasil üçün şamlar necə istifadə olunur?
- Şamları defekasiya (nəcis ifrazı) aktından və yuyunduqdan sonra istifadə etmək lazımdır.
- Şamlar gecə yatmazdan öncə qoyulsa daha yaxşı olar. Əgər preparat səhər istifadəsi üçün təyin edilibsə, şamı qoyduqdan sonra ən azı 30 dəqiqə uzanmaq lazmdır.
- Şamlar çox dərinə yeridilməməlidir. Arxa dəlikdən bir qədər daxil edilməli, düz bağırsağa sürüşdürülməməlidir.
Rektal (düz bağırsağa daxil edilən) preparatlar otaq temperaturunda qalmamalı, soyuducuda saxlanılmalıdır.
Babasil üçün şamlar bir sıra əks göstərişlərə malikdir
Məhz bu səbəbdən istifadə etməzdən öncə dərmanın qutusundaki içlik vərəqəsi ilə tanış olun. Hamiləlik və laktasiya (südvermə) dövründə yalnız həkim təyini və nəzarəti ilə bu preparatlardan istifadə edilməlidir.