Daxili babasil
Daxili babasil – düz bağırsağın daxili venoz kələfinin və onun selikli qişasındakı damarların genişlənməsi nəticəsində düyünlərin formalaşması ilə xarakterizə olunur.
Daxili düyünlər anal nahiyədən xaricə çıxmadıqda gözlə görünmür. Onların yerləşdiyi hissədə ağrı reseptorları az olduğundan xəstəliyin erkən mərhələsi üçün ağrı sindromu xarakterik deyil.
Daxili babasil 4 mərhələdə inkişaf edir:
Mərhələ | Xarakteristika | Kliniki əlamətlər |
I |
Düyünlər böyüyüb, qanla dolur | Al rəngli qan |
II |
Düyünlərin ölçüsü daha da böyüyür. Onlar defekasiya (nəcis ifrazı) zamanı xaricə çıxsalar da öz-özlərinə əvvəlki vəziyyətə qayıdırlar. | Diskomfort, qaşınma, qanaxma |
III |
Düyünlər böyüməkdə davam edir, anal dəlikdən sallanır. Düyünlər özbaşına geri qayıtmadığından xəstə onları barmaqla daxilə itələməyə məcbur olur. | Diskomfort, qanaxma |
IV |
Düyünlər böyüyür, onları əllə daxilə itələmək mümkün olmur. Düyünlər tez-tez zədələnməyə məruz qalırlar. | Sadalanan əlamətlərlə yanaşı şiddətli ağrılar |
Daxili babasil xarici babasildən nə ilə fərqlənir?
Xarici babasil düz bağırsağın xarici venalarının və dərinin kiçik kapilyarlarının, daxili babasil düyünləri isə bu nahiyənin daxili venalarının genişlənməsi hesabına əmələ gəlir.
Babasil qanaması daxili babasil üçün xarakterik əlamətdir. Xarici babasildə isə qanaxma nadir hallarda müşahidə edilir.
Hamiləlik daxili babasilin inkişafına şərait yaradırmı?
Hamiləlik və doğuş zamanı qarındaxili təzyiq artaraq, düz bağırsaqda kisəvari strukturları qanla doldurur. Nəticədə kiçik çanaqda qan dövranı pozulur. Hamiləliyin 8-ci ayında uşaqlığın xeyli böyüməsi nəticəsində kiçik çanaqda təzyiq yüksəlir və durğunluq meydana çıxır. Eləcə də doğuşa yaxın dövrlərdə dölün baş hissəsi aşağı (uşaqlıq yoluna) doğru irəlilədikcə, düz bağırsaq zonasında durğunluq artır. Bütün bu dəyişikliklər babasilin formalaşmasına təkan verir.
Daxili babasil nə dərəcədə təhlükəlidir?
Hemorroid venalarının varikoz genişlənməsi ciddi xəstəlikdir. Bu patologiya həm kişilərə, həm də qadınlara xasdır. Proktoloq əksər vaxtlarda xəstəliklə onun ağırlaşmış mərhələsində qarşılaşır. Bu da müalicəni bir qədər çətinləşdirir. Anal dəlikdən qanaxma zamanı həkimə müraciət edilməzsə, paraproktit, düyünlərin zədələnməsi kimi bir çox ağırlaşmalar inkişaf edə bilər. Prosesə patoloji (qıcıqlandırıcı) amillər də qoşularsa, onkoloji xəstəliyin yaranma riski yüksəlir. Həmçinin xroniki qanaxma nəticəsində dəmir defisitli anemiya müşahidə edilə bilər.
Daxili babasilin əlamətləri
- Nəcis ifrazından sonra qan;
- Defekasiya zamanı və ya ondan sonra ağrı;
- Bağırsağın tam boşalmaması hissi;
- Anal nahiyədə diskomfort və qaşınma.
Qanaxma daxili babasilin başlıca simptomlarından sayılır. Əvvəlcə cüzi miqdarda olsa da, sonrakı mərhələrdə güclənir. Lakin nəzərə almaq lazımdır ki, qanaxma düz bağırsağın bədxassəli şiş xəstəliklərində də yarana bilər. Bu səbəbdən belə bir halla qarşılaşdıqda vaxtında həkimə müraciət etmək lazımdır.
Daxili babasilin diaqnostikası
Daxili babasil düyünləri adətən gözlə görünmür. Diaqnostika üçün instrumental müayinə üsullarından istifadə edilir:
- Anoskopiya – xüsusi rektal güzgü vasitəsilə düz bağırsağın müayinəsi;
- Rektoromanoskopiya – düz bağırsağın selikli qişasının endoskopla müayinəsi;
- Ultrasəs müayinəsi – spesifik probla ultrasəs müayinəsi düz bağırsağı və anal kanalı ətraflı müayinə etməyə imkan verir;
- Ehtiyac yarandıqda qarın boşluğunun rentgenoloji müayinəsi də mümkündür.
Düyünlər iltihablaşdıqda və ağrılı olduqda instrumental müayinələr xəstənin vəziyyətini daha da pisləşdirə bilər. Buna yol verməmək üçün əvvəlcə iltihabı və babasilin kəskin əlamətlərini aradan götürmək məqsədilə simptomatik müalicə təyin edilir.
Daxili babasilin müalicəsi
Xəstəliyin müalicəsi 2 yolla aparılır:
- Medikamentoz (dərmanla) – iltihab əleyhinə qeyri-steroid preparatlar, venotoniklər, antikoaqulyantlar, hemostatiklər, antiseptiklər;
- Cərrahi müdaxilə – babasilin lazer əməliyyatı, krioterapiya, skleroterapiya, lateks halqalarla liqaşur, Lonqo üsulu ilə hemorroidektomiya
Cərrahi müdaxilənin hansı yolla aparılmasından asılı olmayaraq, əməliyyatdan sonrakı dövrdə pəhriz tutulmalı və çoxlu miqdarda maye qəbul edilməlidir.