Anal çat

29 Avqust 2019 Kateqoriya: Babasil həkimi Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 18261
Anal çat şəkil
4.1/5 - (34 votes)

Düz bağırsağın çatı çox kiçik ölçülü olsa da insana əzab verir. Bu xəstəlikdən əziyyət çəkənlər hər addımda ağrı hiss edir, nəcis ifrazı isə onlar üçün kabusa çevrilir.

Anal çat nədən əmələ gəlir? 

Çat anal kanalın selikli qişasının zədələnməsi səbəbindən yaranır. Başlanğıcda sadəcə düz bağırsağın çatı kimi inkişaf edir. Xəstəliyə laqeyd yanaşaraq, proktoloq həkimə müraciət etmədikdə zamanla xoraya çevrilir. Bu mərhələdə də müalicə aparılmadıqda xoranın yerində fistula yarana bilər. Məlumat üçün qeyd edək ki, fistula qonşu orqanlar və ya orqanla xarici mühit arasında formalaşdıran kanaldır. 

 

Düz bağırsaq xəstəlikləri arasında anal çat rast gəlmə tezliyinə görə babasil xəstəliyindən sonra II yerdə dayanır. Qadınlarda kişilərə nisbətən daha çox müşahidə edilir. Belə ki, hamiləlikdə yaranan mədə-bağırsaq pozğunluqları, xroniki qəbizlik xəstəliyin formalaşmasına birbaşa şərait yaradır. Anal çat babasil ilə birlikdə inkişaf edə bilər. Bu da müalicə zamanı mütləq nəzərə alınmalıdır.

Anal çatın yaranma səbəbləri hansılardır? 

anusun selikli qişasının bərk nəcis kütlələri ilə mexaniki zədələnməsi; 

– uzunmüddətli ishal zamanı selikli qişanın gərilməsi və qıcıqlanması nəticəsində anal nahiyənin zədələnməsi;

– kobud tualet kağızları;

– bağırsağın ehtiyatsızlıqla aparılan instrumental müayinələri; 

– doğuş travmaları; 

– çanaq dibi əzələrinin zəifləməsi;

– mədə-bağırsaq traktının xroniki xəstəlikləri;

– ağır fiziki iş, ağırlıq qaldırma.

Anal çat 1 şəkil

Anal çat hansı əlamətlərlə özünü büruzə verir? 

  1. Ağrı. Babasildən fərqli olaraq, təkcə defekasiya (nəcis ifrazı) deyil, adi hərəkət zamanı da yaranır. 
  2. Arxa  dəlikdən qanaxma. Babasil xəstəliyi ilə müqayisədə anal çat zamanı qan daha açıq və ya al rəngdə, eləcə də laxtasız olur.  
  3. Anal sfinkterin tonusunun artması. Gecələr pulsasiyaedici (nəbzvari) ağrılar meydana çıxır.  

Dərin anal çat zamanı kapilyarlarla yanaşı venoz damarlar da zədələnir. Xəstə aylarla dözülməz ağrılardan əziyyət çəkir, onun vəziyyəti get-gedə pisləşir. 

Xəstələrdə “tualet” qorxusu 

Belə şəxslərdə bir simptom digərinin yaranmasına təkan verir. Məsələn, sfinkterin ağrıları zamanı spazm güclənir. Bu da öz növbəsində sağalma prosesini gecikdirir. 

Defekasiya zamanı ağrı xeyli artır. Nəticədə xəstə tualet ehtiyacını qarşılamağa qorxur. Bununla əlaqədar qəbizlik yaranır, yaranın sağalması ləngiyir. Xəstəlik nə qədər uzun sürərsə, çat daha da dərinləşir və sağalma prosesi çətinləşir. 

Anal çat 2 şəkil

Düz bağırsaq çatının xronikiləşməsi  

İlkin mərhələlərdə az miqdarda qanaxma qısamüddətli (yalnız defekasiya zamanı) ağrılarla müşayiət edilir. Əgər bu çat müalicə olunmazsa və ya xəstədə kandidoz (maya göbələyinin törətdiyi xəstəlik) olarsa, sağalma gecikir. Proses kəskin fazadan xroniki mərhələyə keçir.

Nəticədə defekasiya (nəcis ifrazı) zamanı və ya uzunmüddət eyni vəziyyətdə qaldıqda (məsələn, ofis işçiləri kompüter arxasında 8-10 saat çalışdıqda) öz-özünə kəsməyən spazmlar müşahidə olunur. Defekasiya önü qorxu əmələ gəlir. 

Anal çat ağırlaşmasından özünüzü qoruyun 

Anal çat vasitəsilə düz bağırsağın selikli qişasına daxil olan patoloji bakteriyalar fistula, proktit (düz bağırsabın iltihabı) kimi ağırlaşmalara səbəb ola bilər. Nəzərə alın ki, evdə və ya özbaşına müalicə bu halda yolverilməzdir.  

Xəstəliyin diaqnostikası 

Yuxarıda adı çəkilən əlamətlər digər düz bağırsaq xəstəlikləri zamanı da müşahidə oluna bilər. Bu halda diaqnozun dəqiq qoyulması çox vacibdir. Diaqnostika üsulları: 

Palpasiya (əllə müayinə);

Rektoskopiya (düz bağırsağın rektoskop vasitəsilə müayinəsi);

Anoskopiya (anal nahiyyənin anoskopla müayinəsi);

Rektoromanoskopiya (düz və S-vari bağırsağın selikli qişasının rektoromanoskopla müayinəsi); 

Yuxarıda adı çəkilən cihazlar düz bağırsağın proktoloq tərəfindən gözlə müayinəsi üçün gərəklidir. 

Anal çat 3 şəkil

Anal çatın müalicəsində şam və məlhəmlər

Mazlar və şam anal çat müalicəsində köməkçi vasitələrdən sayılır. Müsbət nəticə əldə etmək üçün kompleks müalicə tələb olunur: 

– mədə-bağırsaq traktının funksiyasını normallaşdırmaq; 

– dərman vasitələri ilə ağrını aradan götürmək;  

– sfinkterin daxili tonusunu, spazmı azaltmaq (Noşpa, Spazmalqon);

– mazlar vasitəsilə zədələnmiş toxumaların bərpasını sürıtləndirmək (Metilurasil, Posterizan), əgər çat dərindirsə  babasil şamları (Relif, Prokto-qlivenol) istifadə etmək;  

– yanaşı gedən kandidoz varsa göbələkəleyhinə dərmanlar (Flukonazol, Diflyukan) qəbul etmək. 

Çatın müalicəsində cərrahi üsullar 

Əgər dərman müalicəsi müsbət nəticə vermirsə, cərrahi müdaxiləyə ehtiyac yaranır. Xoşbəxtlikdən müasir tibbdə az invaziv, orqanı minimal zədələyəcək bir çox üsular mövcuddur. Bunların sırasına aşağıdakılar aiddir:   

– radiodalğalı skalpel; 

– transanal doppler nəzarəti altında daxili babasil düyünlərinin selikli qişanın liftinqi ilə dezarterizasiyası (DHAL-RAR).

Əməliyyat ambulator şəraitdə aparılır. Xəstə bir neçə gün sonra gündəlik həyatına qayıdır. 

Düz bağırsaq çatının profilaktikası

Anal çatın qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək kifayətdir: 

– aktiv həyat tərzi keçirmək;

– uzun müddət eyni vəziyyətdə oturmamaq;

– mümkün qədər gəzmək;

– idmanla məşğul olmaq; 

– həm ishal, həm də qəbizliyi vaxtında müalicə etmək (bağırsaq gündə ən azı 1 dəfə boşalmalıdır); 

– anal nahiyəni zədələyən kobud gigiyena vasitələrindən istifadə etməmək.

Yuxarıda qeyd olunanlara riayət etməklə, düz bağırsaq çatının yaranma ehtimalını azaltmış olacaqsınız. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.1/5 - (34 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir