Babasil lazer əməliyyatı
Son illərdə tibb sahəsi xeyli inkişaf etdiyindən ənənəvi cərrahi müdaxilələr öz yerini minimal invaziv (az travmatik) metodlara vermişdir.
Proktologiyada lazer
Lazer təbabətdə geniş tətbiq olunur. İstilik enerjisini məhdud nahiyəyə fokuslama və təsirin dərinliyini tənzimləmə imkanı tibbin müxtəlif sahələrində lazerin istifadəsini əvəzedilməz edir. Lazer şüası – ağrıkəsici, qan dayandırıcı, sterilizə edici təsirlərə malikdir.
Lazerlə babasil əməliyyatı
Lazer koaqulyasiyasını bütün inkişaf mərhələlərində olan daxili və xarici babasilin müalicəsi üçün tətbiq etmək mümkündür.
Babasilin lazer əməliyyatı digər üsullardan nə ilə fərqlənir?
- Lazer koaqulyasiyası ambulator şəraitdə aparılır və xəstə əməliyyatdan 1 saat sonra evə buraxılır;
- Ümumi narkoz tələb etmir;
- Lazer yalnız patoloji nahiyəyə təsir edir, ətraf toxumaları zədələmir. Bu səbəbdən əməliyyatdan sonra şişikinlik kimi fəsad müşahidə edilmir;
- Müdaxilə maksimum 20 dəqiqə çəkir;
- Babasilin bütün mərhələlərində bu əməliyyatı etmək olar;
- Lazer qan damarlarını koaqulyasiya etdiyindən prosedur zamanı qanaxma müşahidə edilmir;
- Tikiş qoyulmur, əməliyatdan sonra çapıq yaranmır;
- Hətta digər üsullara əks göstəriş olduqda tətbiq edilə bilər;
- Eyni vaxtda bir neçə xəstəliyi müalicə etməyə imkan verir: babasil+düz bağırsaq çatı, babasil+polip, babasil +fistula;
- Əməliyyatdan sonra ağrı hissi yaranmır və ya minimal olur;
- Reabilitasiyaya (bərpa dövrü) ehtiyac yaranmır;
- Xəstənin əmək fəaliyyəti pozulmur;
- Əməliyyatdan sonra çox az sayda məhdudiyyət qoyulur.
Babasil lazer əməliyyatı öncəsi hazırlıq
Əməliyyatdan bir neçə gün əvvəl pəhriz saxlanılmalıdır. Süd məhsulları, sıyıqlar, suda bişirilmiş qidalar və kifayət qədər maye qəbul edilməlidir. Əməliyyatdan öncə bəzi müayinələr: qan və sidik analizi, flüoroqrafiya, EKQ (elektrokardioqramma) yerinə yetirilir.
Daha sonra həkim anoskopiya və rektoromanoskopiya icra edir. Əməliyyatdan bir gün qabaq təmizləyici imalələr aparılır. Ehtiyac olduqda, əlavə müayinələr: USM, kolonoskopiya, qarın boşluğu orqanlarının kompyuter tomoqrafiyası təyin edilir.
Lazerlə babasil əməliyyatı üçün əks-göstərişlər
- kəskin infeksion xəstəliklər;
- anal nahiyədə kəskin iltihabi proseslər;
- düyünlərin kəskin trombozu.
Lazerlə babasil əməliyyatı necə aparılır?
- Xəstə ginekoloji kresloda uzanır və ya tibbi çarpayıda diz-dirsək pozisiyasında dayanır.
- Prosedur yerli keyitmə altında icra edilir. Düyün nahiyəsinə novokain və ya lidokain məhlulu yeridilir. İnyeksiyadan əvvəl anal nahiyəyə lidokain kremi çəkilir. Xəstənin istəyinə əsasən qısamüddətli venadaxili narkozdan da istifadə etmək mümkündür.
- Daxili babasil əməliyyatı anoskop (arxa dəliyə yeridilən işıqlı rektal güzgü) vasitəsilə aparılır.
Babasil əməliyyatı lazerlə bir neçə üsulla icra olunur:
- Transmukoz üsul. Lazerli elektrod düyünə xaricdən yaxınlaşdırılır. Düyünü 1 kənardan yandıraraq, hər 2mm-dən bir digər kənara doğru irəlilədirlər. Nəticədə düyünün ölçüləri kiçilir. Onun əsasının qananması kəsilir.
- Subdermal-submukoz üsul. Düyünə yeridilmiş iynədən lazerin köməyilə yandırılır. Damar ayaqcığını isə öncədən bağlamaq və ya qısqacla sıxmaq olar.
- Xarici düyünlər əsasından lazerlə kəsilir. Əksər hallarda təkrari müdaxilə tələb edilmədən bir dəfəyə 3 düyünu yandırmaq mümkündür. Əgər yandırılmamış düyünlər qalarsa, prosedur 10-12 gündən sonra təkrarlanır.
Babasil lazer əməliyyatı nə qədər davam edir?
Lazerlə düyünlərin yandırılması maksimum 15-20 dəqiqə çəkir. Xəstə yüngül dərəcəli istilikdən başqa heç nə hiss etmir.
Lazerlə babasil əməliyyatı – köpük skleroterapiyası metodu
Bu hemorroyun müalicəsində innovasion (yeni) metoddur. Lazerin təsirilə düyünün ölçüləri kiçilir, qanama dayanır. Düyünün tamamən obliterasıyası (quruması) üçün onun daxilinə sklerozlaşdırıcı maddə yeridilir.
Bu müalicə üsulu nə zaman tətbiq edilir?
Bu metoddan xaricə çıxan iri ölçülü və adətən 3-cü inkişaf mərhələsində olan düyünlərin müalicəsində istifadə olunur.
Prosedurdan sonra anal kanala tampon qoyulur. Bu, xəstə üçün bir qədər narahatlıq doğura bilər. Prosedur ambulator şəraitdə qanaxma olmadan yerli keyitmə altında aparılır.
Babasil əməliyyatından sonra
Prosedurdan sonra xəstə 30-40 dəqiqə ərzində tibbi çarpayıda uzanır. Daha sonra isə evə buraxılır. Əməliyyatdan sonra xüsusi məhdudiyyətlər qoyulmur. Pasiyent gündəlik həyatına qayıdır. Yalnız 1 həftə ərzində ağırlıq qaldırmağa icazə verilmir.
Bununla yanaşı anal nahiyyənin gigiyenasına fikir verilməlidir. Defekasiya (nəcis ifrazı) aktından sonra soyuq su ilə yuyunmaq lazımdır. Sağalmanı sürətləndirmək üçün əksər hallarda proktoloq babasil mazları ilə sarğı etməyi və ya tərkibində çaytikanı olan babasil şamı tövsiyə edir. Ağrı yarandıqda bir neçə gün ağrıkəsici preparatlar qəbul etmək olar.