İxtiol mazı

Antiseptik və yarasağaldıcı xüsusiyyətləri sayəsində İxtiol mazı müxtəlif xəstəliklərin kompleks müalicəsində tətbiq edilir. Həmçinin babasildən əziyyət çəkən insanların ən çox istifadə etdiyi dərmanlar sırasındadır.
İxtiol mazı haqqında
Preparatın iltihab əleyhinə və antiseptik təsirləri güclüdür. Pasiyentlərin rəylərinə əsasən dərmanın tətbiqindən sonra ümumi hal xeyli yaxşılaşır, hər hansı bir ağırlaşma baş vermir. İxtiolun yeganə mənfi cəhəti kəskin iyə malik olmasıdır. Maz 10 və ya 20%-li olur. Bu, İxtiol mazının konsentrasiyasını bildirir. Əlavə olaraq, dərmanın tərkibinə vazelin daxildir.
İxtiol mazı necə təsir göstərir?
Preparat toxuma regenerasiyasını sürətləndirir, zədələnmiş nahiyələrin epidermal strukturunu bərpa edir. Mazı selikli qişaya çəkdikdə aktiv komponentlər yerli qan dövranına daxil olsa da, ümumi qan axınına keçmir. Bu da onun tətbiqini rahatlaşdırır.
İxtiol mazı aşağıdakı terapevtik təsirlərə malikdir:
- ağrını aradan qaldırır;
- iltihab əlamətlərini zəiflədir;
- yerli qan dövranını yaxşılaşdırır;
- yara səthini bərpa edir.
İxtiol mazı nə üçündür?
Preparatın istifadə sahəsi olduqca genişdir. Onun farmakoloji təsirləri mazı külli miqdarda xəstəliklərin müalicəsində tətbiq etməyə imkan verir. Babasili olan insanlarda İxtiol qaşınma və ağrını yox edir, anal çatın sağalmasını sürətləndirir.
Bundan əlavə preparat dermatit, artrit, rozasea, dəri örtüyünün irinli zədələnmələri, ekzema, furunkul və s. hallarda yerli istifadə edilə bilər.
Babasilin İxtiol mazı ilə müalicəsi
Ümumiyyətlə, babasil – düz bağırsaq venalarının varikoz genişlənməsi ilə xarakterizə olunur. Müalicə gecikdirildikdə anal nahiyədə düyünlər əmələ gəlir. Xəstəlik uzun müddət gizli gedir. Yalnız nəcis ifrazı zamanı diskomfort, ağrı hissi meydana çıxdıqda, qanaxma olduqda xəstələr babasildən şübhələnməyə başlayırlar.
Babasil mazları arasında İxtiol effektivliklə yanaşı, qiymətinin münasib olması ilə də seçilir. Onun istifadəsi çox sadədir.
Daxili babasildə gecə yatmazdan əvvəl mazı pambığa çəkərək, düz bağırsağa yeridilir. Proseduru asanlaşdırmaq üçün 10%-li qliserin məhlulu köməyə gəlir. Bu halda pambığa az miqdarda qliserin damızdırılır.
Xarici babasildə dərman gündə 2 dəfə patoloji nahiyəyə çəkilir. Üzərinə gigiyenik salfet qoyub, tənzif və ya plastırla bərkidilir. Yadda saxlayın ki, mazı sürtmək olmaz – preparat qalın qatla çəkilməlidir.
İxtiol mazı neçə gün istifadə olunmalıdır?
Müalicə uzunmüddətli olsa da, çox effektivdir. Orta hesabla 10-14 gün tələb olunur. Ehtiyac yarandıqda 2 həftəlik intervaldan sonra müalicəni təkrarlaya bilərsiniz. Preparatın ucuz və eyni zamanda təhlükəsiz olması buna imkan verir.
İxtiol mazı kimlərə qadağandır?
- Preparatın tərkib hissələrinə qarşı allergiyası olan şəxslər;
- 6 yaşdan kiçik uşaqlar.
İxtiolun zəif sorulması ilə əlaqədar pasiyentlərdə doza həddinin aşılması və əlavə mənfi təsirlərə rast gəlinməmişdir.
İxtiol mazı hamiləlikdə
Hamiləlik dövründə qadın orqanizmində müəyyən dəyişikliklər baş verir. Onlar hər zaman müsbətə doğru olmur. Belə ki, döl inkişaf etdikcə uşaqlığın həcmi artır. Əksər qadınlarda əvvəlcə qəbizlik, ardınca isə babasil yaranır. Xəstəliyin əlamətləri – anal nahiyədə qaşınma, yanğı hissi, babasil qanaması gələcək ananın ümumi vəziyyətinə mənfi təsir göstərir.
Hamiləlikdə babasilin müalicəsi zamanı İxtiol mazı əsas seçim preparatlarından sayılır. Çünki onun bu dövrdə istifadəsi icazəlidir. Maz babasilin əlamətlərini azaldır, anal çatları, yaraları sağaldır. Və ən əsası nə anaya, nə də uşağa ziyan vermir.
İxtiol mazı qiyməti
25 qramlıq mazı apteklərdən 1-2 AZN-ə əldə edə bilərsiniz.
Xülasə
İxtiol nə qədər təhlükəsiz olsa da, onu istifadə etməzdən əvvəl proktoloqla məsləhətləşin.