Babasil otu
Bəzi mütəxəssislərin fikrincə babasil xəstəliyi erkən mərhələlərdə dərman preparatlarının iştirakı olmadan sağala bilər. Bunun üçün xüsusi bitkilərin tətbiqi kifayətdir. Babasil otu ilə müalicə həmin üsullardan sayılır. Əslində bu termin bir neçə otun aptekdə kombinəolunmuş şəkildə müəyyən bir qablaşmada satılmasını ifadə edir. Və yaxud hemorroyun müalicəsində istifadə edilən bitkilərə ümumi olaraq babasil otu deyilir.
Babasil otu müxtəlif formalarda tətbiq edilir:
- Mikroklizmalar (imalələr);
- Çaylar, dəmləmələr;
- İslaq kompresslər;
- Oturaq vannalar;
- Babasil üçün şamlar və mazlar;
- Kompresslər.
Babasil otu aşağıdakı şəfalı xüsusiyyətlərə malikdir:
- Ağrı sindromunu azaldır;
- Yanğı hissini aradan qaldırır;
- Babasil qaşınmasını zəiflədir;
- İltihab və şişkinliyi yüngülləşdirir;
- Babasil qanamasını dayandırır;
- Qoruyucu təsir göstərərək, yaraya infeksiyanın daxil olmasının qarşısını alır;
- Orqanizmin infeksiyalara qarşı müdafiə mexanizmini gücləndirir;
- Selikli qişa və yumşaq toxumaları bərpa edir;
- Bağırsaq peristaltikasını sürətləndirir – qəbizliyə yol vermir.
Babasil otu seçərkən nəzərə almaq lazımdır ki, bəzi bitkiləri daxilə istifadə etmək olmaz. Onlar yalnız kompress və buzlu şam şəklində tətbiq olunmalıdır.
Bəzi babasil otu nümunələri
Çobanyastığı (romaşka) – bu bitki effektiv ot kimi özünü sübut etmişdir. Onun tərkibi C vitamini, xolinlər, karotin və efir yağları ilə zəngindir. Sadalanan maddələr iltihabəleyhinə, antiseptik, eləcə də yarasağaldıcı təsir göstərir. Bitkinin çiçəkləri qanaxmanı zəiflədir, babasil düyünlərini isə balacalaşdırır.
Çobanyastığından həmçinin oturaq vanna qəbul etmək üçün qarışıq hazırlanır. Bu məqsədlə 3 xörək qaşığı qurudulmuş çiçəkləri 1 litr qaynar su ilə qarışdırın. 3 saatdan sonra vanna suyuna əlavə edin.
Atpıtrağı (lopux) – bağ evi sahiblərinin çox yaxşı tanıdığı alaq otu həm də şəfalı bitki hesab edilir. Ondan hazırlanan çay həm babasil, həm də anal çat üçün faydalıdır. Atpıtrağı düyünlərin iltihabını azaldır, anal dəlik və onun ətrafındakı dərinin tamlığını bərpa edir. Bunun üçün ilk növbədə otu təmizləyin, yuyun və xırdalayın. Üzərinə su töküb, maye tündləşənə qədər qaynadın. Soyuduqdan sonra süzün. Dərman həmçinin xaricə istifadə (oturma vannaları) üçün yararlıdır.
Boymadərən (tisyaçelistnik) – təbii antiseptik və spazmolitik vasitədir. Onun çayı həm iltihabı, həm də ağrını azaldır. Bundan əlavə boymadərən problemli dərinin vəziyyətini yaxşılaşdırır, bağırsaq qanaxmasını zəiflədir.
Gülümbahar (kalendula) – bu bitkidən alternativ tibbin tərəfdarları babasil otu kimi geniş istifadə edirlər. Gülümbahar güclü antiseptik xüsusiyyətlərə malikdir. Onun ekstraktından hazırlanmış maz və çaylar hemorroidal düyünlərin sorulmasını sürətləndirir, anal nahiyənin problemli hissəsini bərpa edir. Hazırlanma qaydası: 1 çay qaşığı təzə otu 1 stəkan su ilə qarışdırın. Bir qədər dəmləndikdən sonra çay kimi için.
Aloe – bağırsaqdakı iltihab və qanaxmanı azaldan antiseptik təsirli bitkidir. Aloe lətini tənzifin arasına qoyub, patoloji nahiyəyə kompress etmək mümkündür.
Zəncirotu (oduvançik) – babasil otu kimi xəstəliyin bütün mərhələlərində təsirlidir. Tərkibindəki mikroelementlər anal sfinkterin spazmı zamanı müsbət nəticə verir. Dəmləmə üçün onun kökündən istifadə edilir. 200 ml suya 2 çay qaşığı zəncirotu töküb, 8 saat dəmləyin. Hazır olduqdan sonra sutkada 4 dəfə ½ stəkan daxilə qəbul edin.
İlanvari qırxbuğum (zmeyinıy qoreç) – güclü iltihabəleyhinə və yarasağaldıcı təsirinə görə dəyərli babasil otu sayılır. Onun çayını gündə 3 dəfə içmək məsləhətdir.
Yovşan (polın) – xoş ətrinə görə digər bitkilərdən fərqlənir. Qan dayandırıcı, antiseptik və iltihabəleyhinə təsir göstərir. Bu məqsədlə 1 xörək qaşığı quru otun üzərinə 100 ml spirt töküb, quru və qaranlıq yerdə 24 saat saxlayın. Xəstəliyin əlamətləri aradan qalxana qədər hər gün 15 damcı için.
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi əksər mütəxəssislər xəstəliyin erkən mərhələsində babasil otu istifadəsinə müsbət baxır. Lakin eyni zamanda proktoloqlar xəbərdarlıq edirlər ki, həkimlə məsləhətləşmədən təbii və ya qeyri-təbii üsullara əl atmaq olmaz. Bu səbəbdən heç bir yolla özünü müalicə məsləhət görülmür.
Haradan elde etmek olar?
Bu otları apteklərdə əldə edə bilərsiniz.