Daxili babasil müalicəsi
Daxili babasilin müalicəsi diaqnostikanın nəticələrinə baxıldıqdan və xəstənin səhhəti dəyərləndirildikdən sonra proktoloq tərəfindən təyin edilir.
Konservativ terapiya daxili babasilin erkən mərhələlərində daha effektiv sayılır. Dərman müalicəsi xəstəliyin ağırlaşmalarında da tətbiq edilə bilər.
Babasilin cərrahi müalicəsi yalnız ciddi göstərişlər əsasında icra edilir. Belə hallara daxili babasil düyünlərinin həddindən artıq böyüməsi, anal dəlikdən sallanması, zədələnməsi, tromblaşması və ya prosesin infeksiyalaşmasını misal göstərmək olar.
Daxili babasil müalicəsi zamanı konservativ metodlar
Babasil dərmanı, onun qəbul qaydası və dozalanması özbaşına deyil, mütləq müalicə həkimi tərəfindən seçilməlidir. İltihabın erkən mərhələlərində daxili babasil müalicəsi üçün aşağıdakı qrup dərmanlar təyin olunur:
- Venotoniklər. Xəstəliyin əsas səbəbi olan kövrək və genişlənmiş venalarla mübarizə üçün nəzərdə tutulmuşdur. Bu qrupa daxil olan Detraleks, Flebodia 600, Venarus damarların elastikliyini və tonusunu artırır. Onların qanla dolmasını tənzimləyir, kiçik çanaqda durğunluğu aradan qaldırır və əlamətləri yüngülləşdirir. Daxili babasil müalicəsi zamanı gel formasında Trokserutin kimi yerli venotoniklərdən də istifadə olunur.
- İltihabəleyhinə preparatlar. Düyünlərdəki iltihabı ləğv etmək üçün yerli təsirli babasil mazları, babasil üçün şamlar təyin edilir. Məsələn: İndometasin, Relif, Levomikol şamları. Ultraprokt, Relif ultra və Proktosedil M hormonal maddə hidrokortizon hesabına daha tez təsir edir, lakin bu preparatların əlavə təsirləri də mövcuddur.
- Аnestetiklər. Ağrını kəsmək məqsədilə ümumi (Pentalgin, Nayz, İbuklin) və ya yerli təsirli (şam şəklində Relif advans, Anestezol, Neo-anuzol, Qinkor prokto, Prokto-qlivenol, Bezornil mazı) preparatlar tətbiq edilir.
- Antiseptiklər. Bu qrup dərmanlar patoloji mikrofloranın çoxalmasının qarşını alır. Onların tərkibinə bioaktiv təbii komponentlər (propolis, çaytikanı, gülümbahar) və kimyəvi maddələr (bismut, sink) daxildir. Bu məqsədlə İxtiol, Anuzol, çaytikanı şamı də effektiv sayılır.
- Yarasağaldan vasitələr. Metilurasil, propolis, çaytikanı yağı əsasında olan babasil şamı bu qrupa aiddir.
- Antikoaqulyantlar. Trombəmələgəlmənin qarşısını almaq üçün qanı durulaşdıran, tərkibində heparin olan mazlar və şamlardan istifadə edilir.
- Hemostatiklər. Düz bağırsaq daxilindəki qanaxmanı dayandırır. Vikasol tabletləri və tərkibində adrenalin olan şamlar bu qrup preparatlardandır.
- İşlədicilər. Qəbizlikdən əziyyət çəkən insanlara Dyufalak, Quttalaks, Portalak, Normaze məsləhət görülür.
Daxili babasil müalicəsi zamanı cərrahi metodlar
Xəstəliyin ağırlaşmış hallarında cərrahi müdaxilə aparılır:
- Fotokoaqulyasiya – babasilin lazer əməliyyatı qrupuna aiddir. Düyünə lazer şüası ilə təsir edilməklə, varikoz damarların divarındakı zülal pıxtalaşdırılır.
- Skleroterapiya – düyünə sklerozant maddələr yeridilir. Nəticədə düyünlərin qidalanması zəifləyir və ölçüləri kiçilir. Onun yerində çapıq toxuması inkişaf edir.
- Liqaşur – düyünün əsasına spesifik lateks halqalar qoyulur.
- Kriodestruksiya – düyün maye azotla dondurulur.
- Lanqo əməliyyatı – steplerə bənzəyən və birdəfəlik istifadə üçün nəzərdə tutulan alətlə düyünün əsası sıxılır. Bununla əlaqədar onun qidalanması dayandırılır.
Daha ağır hallarda isə düyünün və ətraf toxumanın kəsilməsi – hemorroidektomiya yerinə yetirilir. Əməliyyat stasionar şəraitdə narkoz altında icra olunur. Babasil əməliyyatından sonra pasiyent bir neçə gün xəstəxanada nəzarət altında qalır. Reabilitasiya müddəti uzun çəkir.