Babasil əməliyyatından sonra
Babasil əməliyyatından sonra reabilitasiya (sağalma) dövrünün müddəti xəstəliyin inkişaf mərhələsindən və cərrahi müdaxilənin növündən asılıdır. Hemorroidektomiya və digər babasil əməliyyatlarından sonra yaraların normal sağalması üçün, məsuliyyət həkimdən çox xəstənin üzərinə düşür.
Bərpaedici terapiya zamanı aşağıdakılar nəzərə alınmalıdır:
- Xəstənin yaşı;
- Babasil haqqında məlumat: daxili, xarici və ya qarışıq olması, onun inkişaf mərhələsi;
- Xəstədə yanaşı gedən digər düz bağırsaq xəstəlikləri;
- Xroniki patologiyaların olması;
- Babasil əməliyyatından sonra baş verən ağırlaşmalar.
Əgər əməliyyatdan sonra medikamentoz (dərman) müalicəsi aparılmazsa, müəyyən fəsadlar inkişaf edə, babasil xəstəliyi yenidən yarana bilər.
Babasil əməliyyatından sonra zədələnmiş toxumaların bərpası üşün proktoloq aşağıdakı preparatları təyin edə bilər:
- Relif, qanaxmanı dayandırmaq üçün buz kompressləri
- İtihabı aradan qaldırmaq məqsədilə Proktosedil M, Natalsid, Prokto-qlivenol
- Anal zona və düz bağırsaqda toxumaların regenerasiyası (bərpası), tikişlərin çapıqlaşması üçün Posterizan, Metilurasil, Propolis DN
- Tərkibində novokain olan şamlar, kompleks təsirə malik dərmanlar Diklofenak Nayz, Pentalgin
- Anal sfinkterin spazmını azaldan, həm də ağrıkəsici təsirə malik nitroqliserin əsaslı babasil kremləri.
Babasil əməliyyatından sonra xəstəyə qulluq
- Əməliyyatdan sonra 2 həftə ərzində yataq rejimi tövsiyə edilir. Çarpayı mütləq yumşaq olmalıdır.
- Kəskin hərəkətlər, hipotermiya (uzun müddət soyuqda qalma), fiziki gərginlik, stress və s. amillər uzaqlaşdırılmalıdır. Çünki bu faktorlar xəstəliyin yenidən yaranmasına təkan verə bilər.
- Hemorroidal düyünlərini götürdükdən sonra hər hansı bir ağırlaşma baş vermədikdə, xəstə əməliyyatın 2-ci günü oturmağa cəhd edə bilər. Oturaq vəziyyətdə 5 dəqiqədən artıq qalmaq məsləhət görülmür.
- Babasil əməliyyatından 15 gün sonra xəstə xüsusi gimnastika hərəkətlərinə başlayır. Başlanğıcda cəmi 5 dəqiqə məşğul olur. Sonrakı günlərdə isə məşqlərin müddəti artırıla bilər.
- Yavaş ritmdə gəzintilər sağalmanı sürətləndirir.
- Bütün gigiyenik qaydalara əməl etmək vacibdir. Hər defekasiya (nəcis ifrazı) aktından sonra aralıq nahiyəsi ilıq su ilə yuyulmalıdır. Yuyunarkən əməliyyat yerini əl və sabunla zədələməmək üçün bir qədər ehtiyatlı davranmaq lazımdır. Yuyunduqdan sonra yumşaq dəsmalla qurulanmaq tövsiyə olunur.
- Babasil əməliyyatından sonra iş yerində komforta diqqət edilməlidir. Ofis işçiləri, kassirlər, sürücülər oturduqları kreslo və ya stula halqa şəklində yastıq (babasil üçün tibbi yastıq) qoymalıdır.
- İlk 2 həftə ərzində cinsi əlaqədən imtina edilməlidir.
- Mütəmadi şəkildə proktoloq həkimin müayinəsindən keçmək lazımdır.
Babasilin lazer əməliyyatı və digər az-invaziv (minimal travmatik) əməliyyatlardan sonrakı dövr üçün tövsiyələr
Minimal invaziv müdaxilələrdən sonra sağalma müddəti ənənəvi hemorroidektomiya ilə müqayisədə az ağrılı olur və daha sürətlə başa çatır. Yara səthi kiçikdirsə, həmçinin tikiş və çapıq yoxdursa, sarğının qoyulmasına da ehtiyac yaranmır. Xəstə bu tip əməliyyatların ertəsi günü normal həyat ritminə qayıdır.
Babasil əməliyyatından sonra qidalanma
Babasil əməliyyatından sonra qidalanma vərdişlərinə düzəliş edilməzsə, tam sağalma çətinləşir. Bağırsağın normal hərəkətini təmin etmək üçün pəhrizə riayət edilməlidir. .
Qidalanma qaydaları:
- Gün ərzində tez-tez və az-az (kiçik porsiyalarla) yemək lazımdır. Birdəfəyə çox yemək olmaz. Bağırsaq 10-12 saat istirahət etməlidir.
- Qidaları suda, buxarda, sobada bişirilmiş vəziyyətdə qəbul etmək lazımdır. Qızardılmış ət, çiy tərəvəzlərdən olan salatlar kobud liflərlə bağırsağı qıcıqlandırdığından, onların qəbulu məsləhət görülmür.
- Bağırsaqlarda qaz yaradan məhsullardan istifadə etmək olmaz. Süd-turşulu məhsullar, sıyıqlar, meyvə-tərəvəzlərə üstünlük verilməlidir.
- Suda və ya buxarda bişirilmiş yağsız ət və balıqdan az miqdarda istifadə etmək olar. Acılı ədviyyatlar qida rasionundan çıxarılmalıdır.
- Sutkada orta hesabla 2 litr su içmək lazımdır.
Babasil əməliyyatından sonra icazə verilən qida məhsullarının siyahısı
- Suda bişmiş qarabaşaq, darı, yulaf sıyığı;
- Tərəvəz bulyonundan hazırlanmış şorbalar;
- Süd məhsulları (kəsmik istisna olmaqla);
- Qaynadılmış yumurta;
- Açıq çay və bitki mənşəli içkilər;
- Qaynadılmış və ya buxarda hazırlanmış ət və balıq;
- Əməliyyatdan sonrakı menyuda yerkökü, gül kələm, pomidor, xiyar, qovun və qarpız (mövsümi), kərəviz, alma, gavalı, portağal və banan olmalıdır. Meyvə və tərəvəzlər bişmiş formada qəbul edilməlidir.
Babasil əməliyyatından sonra qidalanma – məhsulların “qara” siyahısı – qadağalar
- Duzlu, ədviyyatlı, hisə verilmiş, qızardılmış, yağlı və konservləşdirilmiş qidalar, un məhsulları;
- Alkoqol (bütün növləri, o cümlədən pivə daxil olmaqla), həmçinin tünd çay və qəhvə, qazlı içkilər, təzə süd, kisel, kvas;
- Yağlı bulyonlar, ağ kələm, turp, paxlalılar, şokolad , ispanaq, soğan, sarımsaq;
- Makaron, kartof və digər nişasta tərkibli qidalar;
- Nar, xurma, qarğıdalı kimi məhsullardan istifadə etmək olmaz.
Yuxarıda qeyd olunanlara əməl etməklə, sağalma dövrünü qısaltmaq və ümumi vəziyyəti yaxşılaşdırmaq mümkündür.