Hamiləlikdə babasil müalicəsi

Hamiləlikdə babasilə rast gəlindikdə, onun müalicəsi bəzən uşağa zərər verməmək məqsədilə doğuşdan sonrakı dövrə qədər təxirə salınır. Lakin mütəxəssislər bu yanaşmanı qətiyyən dəstəkləmirlər. Çünki müalicə gecikdirildikdə, hamiləliyin gedişi ağırlaşa bilər.
Daimi narahatlıq, ağrı, nəcis ifrazının çətinləşməsi xəstəliyin inkişafını daha da sürətləndirir. Bu da dolayı yolla körpənin sağlamlığına təsir edir.
Hamiləlikdə babasil müalicəsi aparılmazsa, hansı fəsadlar baş verə bilər?
İri ölçülü düyünlər iltihabi prosesə və toxuma nekrozuna səbəb olur. Bu da öz növbəsində bütün mümkün infeksiyalara “yol açır”. Hamiləlik dövründə hər hansı bir yoluxucu xəstəlik körpə üçün təhlükəli ola bilər. Ən ağır hallarda, infeksiya dölün qan dövranına daxil olmaqla, uşaqlıqdaxili infeksiyaya gətirib çıxarır.
Babasilin növbəti ağırlaşmalarına anusdan davamlı qanaxma və bununla əlaqədar yaranan anemiya aiddir. Hemoglobin çatışmazlığı döl üçün son dərəcə təhlükəli sayılan vəziyyətlər – hipoksiya, oksigen aclığı ilə nəticələnə bilər. Hamiləlikdə babasil müalicə olunmadıqda istər təbii, istərsə də Qeysəriyyə yolu ilə doğuşdan dərhal sonra xəstənin vəziyyəti kəskin şəkildə pisləşə bilər.
Hamiləlik dövründə babasil xəstəliyi sürətlə inkişaf etdiyindən müalicəyə mümkün qədər tez başlamaq lazımdır. Müasir dərmanlarla ağırlaşma riskini minimuma endirmək mümkündür. Hazırda hamiləliyin ən həssas dövrü – ilk 3 aylıqda istifadəsi təsdiq olunmuş bir sıra dərman preparatları mövcuddur. Həmçinin pəhriz, fiziki fəaliyyət və gigiyenik prosedurlar da babasilin kəskinləşməsinin qarşısını alır.
Hamiləlikdə babasil müalicəsi üçün dərman seçimi proktoloq həkimə həvalə olunmalıdır.
Hamiləlikdə babasil müalicəsi məqsədilə konservativ terapiya
Konservativ müalicə ana və körpə üçün ən təhlükəsiz üsuldur. Hamiləlik müddəti və xəstəliyin inkişaf mərhələsindən asılı olaraq, proktoloq xəstəyə fərqli təsirlərə malik babasil üçün şamlar, kremlər və ya mazlar təyin edir. Hamiləlikdə babasil müalicəsi üçün ən çox istifadə olunan dərmanlar aşağıdakılardır:
Relif şamı və mazı. Köpəkbalığı (akula) qaraciyəri əsasında hazırlanan dərman ilkin mərhələdə mono (tək) preparat şəklində tətbiq olunur. Babasilin 2 və 3-cü inkişaf mərhələlərində isə bu dərman vasitəsi kompleks terapiya şəklində təyin edilir. Hamiləlikdə və laktasiya dövründə onun istifadəsi üçün heç bir əks göstəriş yoxdur.
Tərkibində çaytikanı olan şamlar hamilə qadınlar üçün təhlükəsizdir. Onlar zədələnmiş toxumaların bərpasına kömək edir.
Babasil şamı Neo-Anuzol hamiləlik dövründə icazə verilən dərmanlar siyahısına aiddir. Yalnız yoda qarşı allergiya və qalxanabənzər vəzi xəstəlikləri (zob) zamanı ona məhdudiyyət qoyulur.
Prokto-qlivenol bütün mərhələlərdə olan babasilin müalicəsi üçün effektiv vasitə hesab edilir. Hamiləlikdə ilk 3 ay ərzində onun istifadəsi tövsiyə edilmir.
Maz və şam şəklində olan hepatrombin yüksək terapevtik təsirə malikdir. Hamiləliyin ilk 3 ayında təyin olunmur. Xəstəliyin III-IV mərhələsində əməliyyata hazırlıq məqsədilə istifadə edilir.
Hamiləlikdə babasil müalicəsi üçün əməliyyat
Hemorroyun kəsiksiz müalicəsi hamiləlikdə heç bir bir risk yaratmır. Bütün prosedurlar lokal anesteziya altında aparılır və cərrahi müdaxilədən sonra xəstəxanada uzun müddət qalmağa ehtiyac yaranmır. Bəzi hallarda ağırlaşmaların qarşısını almaq məqsədilə hemorroidektomiya yeganə çıxış yolu sayılır. Adətən hamiləlikdə invaziv prosedurlar yalnız ekstremal hallarda icra olunur.
Hamiləlikdə babasil müalicəsi zamanı yerinə yetirilən əməliyyatlar:
- Xəstəliyin 2-3 mərhələlərində skleroterapiya. Prosedur stasionar şəraitdə aparılır. Xüsusi dərman preparatının düyünə yeridilməsindən sonra 1 saat müddətində sağalma mərhələsi başlayır;
- Lateks halqalarla liqaşur (bağlama). Bu üsul daxili babasil xəstəliyini effektiv şəkildə müalicə etməyə imkan verir. Düyünün əsasına qan dövranını dayandıran halqa quraşdırılır. Liqaşur – minimal invaziv (az travmatik) prosedur olduğundan hamilə qadınlar üçün təhlükəlisizdir;
- Lazer və ya infraqırmızı koaqulyasiya. Xəstəliyin 2 və 3-cü mərhələlərində tətbiq olunan növbəti üsuldur.
Hamiləlikdə babasil müalicəsi zamanı əlavə üsullar
Pəhriz və düzgün həyat tərzi hemorroy ilə mübarizədə dərman terapiyasının düzgün seçilməsi qədər mühüm rol oynayir. Bunlar əlavə üsul sayılmaqla, xəstəliyin səbəblərinin aradan qaldırılmasına yönəldilir.
Həzm sisteminin yüklənməməsi üçün kiçik porsiyalarla 3-5 dəfə qidalanmaq məsləhət görülür. Liflərlə zəngin məhsulların istifadəsini artırmaq, minimum qızardılmış, ədviyyatlı və yağlı qidalardan imtina etmək tövsiyə edilir. Pəhriz menyusundan dönər, burqer, qazlı içkilər, konservləşdirilmiş məhsullar, yarımfabrikat məhsullar xaric olunmalıdır. Gün ərzində ən azı 1,5-2 litr maye qəbul edilməli, süd məhsullarına üstünlük verilməlidir. Qida rasionuna qan damarlarının divarlarını möhkəmləndirən ərzaqlar: çuğundur, kələm, yerkökü, yarpaq salatı və s. daxil edilməlidir.
Bununla yanaşı hamiləlikdə yerinə yetirilən xüsusi idman hərəkətləri ümumi qan dövranının yaxşılaşmasına və əzələ tonusunun normallaşmasına kömək edir.
Sonda onu da qeyd edək ki, babasil xəstəliyindən əziyyət çəkən hamilə qadınlar həm proktoloq, həm də ginekoloq nəzarəti altında olmalıdır. Dərman istifadəsində ehtiyatla davranmalı, özünü müalicə ilə məşğul olmamalıdırlar.