Düz bağırsaq xəstəlikləri
Babasil xəstəliyi
Babasil (hemorroy) – düz bağırsaq xəstəlikləri arasında ən çox rast gəlinən formadır. Hemorroy düz bağırsaq venalarının genişlənməsi nəticəsində düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Onun 2 forması mövcuddur: daxili və xarici. Daxili düyünlər arxa dəlikdən xaricə çıxa və qanaxma verə bilər. Xarici düyünlər isə qanamır, lakin bir çox hallarda tromblaşır. Belə vəziyyətlərdə ağrı və anal nahiyədə qaşınma müşahidə olunur.
Anal çat
Rastgəlmə tezliyinə görə düz bağırsaq xəstəlikləri arasında babasildən sonra 2-ci yerdə dayanır. Düz bağırsaq çatı – anal dəlik divarının 1-2 sm uzunluğunda olan defektidir. İlk öncə kəskin fazada olur, müalicə aparılmadıqda xronikləşir. Kəskin çat zamanı defekasiyadan (nəcis ifrazından) əvvəl ağrı meydana çıxır. Xroniki çatlarda isə ağrı defekasiyadan sonra baş verir. Ağrı hissi bir neçə dəqiqədən bir neçə saata qədər davam edə bilər. Xroniki çat zamanı adətən nəcis ifrazından sonra 1 neçə damcı al qan müşahidə edilir. Ağrı bəzən o qədər şiddətli olur ki, xəstə bilərəkdən defekasiya aktını gecikdirir. Nəticədə qəbizlik yaranır. Bu da öz növbəsində çatın daha da ağırlaşmasına səbəb olur. O üzdən xəstəlik xroniki mərhələyə keçmədən həkimə müraciət etmək lazımdır.
Proktit
Proktit – düz bağırsağın selikli qişasının iltihabıdır. Əksər xəstələr qarnın aşağı hissəsində, arxa dəlikdə ağrılardan şikayət edir. Belə şəxslərdə ishal halları yarana, nəcisdə selik, bəzən qan aşkarlana bilər.
Paraproktit
Paraproktit – mikroorqanizmlərin təsirindən düz bağırsağın ətrafındakı dərialtı toxumanın iltihabıdır. Onun kəskin və xroniki formaları vardır. Kəskin paraproktit qəflətən başlayır. Xəstədə şiddətli ağrılar, temperatur yüksəlməsi müşahidə edilir. Bu formada təcili olaraq cərrahi müdaxilə aparılmalıdır. Xroniki formada fistul formalaşır. Belə xəstələr müalicəni gecikdirməlidir.
Düz bağırsağın polipləri və şişləri
Təəssüflər olsun ki, polip və şiş kimi təhlükəli düz bağırsaq xəstəlikləri xarakterik şikayətlərə malik olmur. Bu törəmələr yalnız iri ölçülərə çatdıqdan sonra düz bağırsaqdan qanaxma, qəbizlik və ağrı meydana çıxır. Əgər xəstə öz sağlamlığının qayğısına qalıb vaxtında həkimə müraciət edərsə, proqnoz qənaətbəxş olur.
Düz bağırsaq sallanması
Sallanma düz bağırsağın anal dəlikdən xaricə çıxması ilə özünü büruzə verir. Xəstəliyin inkişafı 3 mərhələyə bölünür:
I mərhələ – defekasiya zamanı yalnız selikli qişa sallanır. Nəcis ifrazından sonra isə əvvəlki vəziyyətinə qayıdır;
II mərhələ – bağırsaq yalnız defekasiya aktında deyil, fiziki gərginlik zamanı da xaricə çıxır. Öz-özünə yerinə qayıtmadığından xəstə onu barmağı ilə içəri itələməyə məcbur qalır;
III mərhələ – bağırsaq hətta yüngül fiziki hərəkət zamanı sallanır. Yerinə salındıqdan sonra yenidən xaricə çıxır.
Düz bağırsaq xəstəlikləri aşağıdakı əlamətlərə malikdir:
- Arxa dəlik və aralıq nahiyəsində ağrılar
– Heç bir şiş olmadan müşahidə edilən düz bağırsaq ağrıları anal çat, proktit, proktalgiyaya xasdır.
– Müayinə əsnasında barmaqla palpasiya zamanı yaranan ağrılar babasil xəstəliyi, paraproktit, düz bağırsağın polipləri və şişləri üçün xarakterikdir.
- Arxa dəlikdən selik və irin ifrazı, aralıqdakı fistuldan gələn axıntılar paraproktit, Kron xəstəliyi, xoralı kolit, proktit zamanı aşkarlanır.
- Qanlı ifrazat, defekasiyanın (nəcis ifrazının) 48 saatdan çox gecikməsi hemorroy, anal çat, yoğun bağırsağın qıcıqlanma sindromu, düz bağırsağın polip və şişlərində qeydə alınır.
- İshal zamanı nəcisdə çoxlu miqdarda selik, bəzən irin, hətta qan ola bilər. Bu hal düz bağırsaq xəstəlikləri sırasından olan proktit, xoralı kolit, yoğun bağırsaq qıcıqlanması zamanı müəyyən edilir.
- Tenezm – yalançı defekasiya çağırışları. Bu zaman nəcis ifrazının baş verməməsi və ya çox az miqdarda olması, selik, bəzən qan ifrazı proktit, xoralı kolit, düz bağırsaq şişlləri üçün səciyyəvi hal hesab edilir.
- Nəcisi və qazı saxlaya bilməmə düz bağırsaq sallanmasında baş verir.
Düz bağırsaqda ağrılar (proktalgiya)
Əksər düz bağırsaq xəstəlikləri zamanı ağrı hissiyatı müşahidə edilir. Ağrılar çox vaxt defekasiya zamanı, bəzi hallarda isə də nəcis ifrazından sonra əmələ gəlir. Proktalgiya hər hansı xəstəlik olmadan psixoloji səbəblərdən düz bağırsaqda qısa müddətli spazmlar şəklində də yarana bilər.
Proktalgiyaya daha çox orta yaşlı kişilərdə rast gəlinir. Ağrılar əsasən gecə saatlarında müşahidə edilir. Orta hesabla 3-30 dəqiqə davam edir. Bu da yuxunun pozulmasına səbəb olur. Xəstələrdə qanaxma, selikli qişanın eroziyası müşahidə edilə bilər. Proktalgiyanın səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün mütləq proktoloq müayinəsindən keçmək lazımdır.
Qəbizlik
Qəbizlik defekasiya aktının 48 saatdan çox gecikməsidir. Onun yaranma səbəbləri aşağıdakılardır:
- qeyri-düzgün qidalanma: rasionda lifli qidaların çatışmazlığı, kifayət qədər maye qəbul olunmaması;
- psixoloji səbəblər: stress, gərginlik, yuxusuzluq;
- hipodinamiya (az hərəkətli və ya oturaq həyat tərzi);
- yoğun bağırsaq xəstəlikləri: divertikulyoz, meqakolon, dolixosiqma, babasil, anal çat;
- nəcisin hərəkətinə mane olan mexaniki amillər: yoğun bağırsaq şişləri;
- bəzi dərman vasitələrinin təsiri: antidepressantlar, atropin, kodein, yuxu dərmanları, bəzi sidik qovucular;
- endokrin xəstəliklər: miksedema, hiperparatireoz, şəkərli diabet, feoxromositoma, hipofiz pozğunluqları.
Anal qaşınma
Anal nahiyədə qaşınma xəstəlik kimi birincili və hər hansı digər düz bağırsaq xəstəlikləri fonunda ikincili ola bilir.
İkincili qaşınmanın səbəbləri:
- Düz bağırsaq xəstəlikləri – babasil, anal çat, itiuclu kondiloma, düz bağısaq şişi, xroniki proktosiqmoidit;
- Ginekoloji xəstəliklər – uşaqlıq yolu pH-nın pozulması, vulvovaginit;
- Cinsi əlaqə ilə yoluxan xəstəliklər – xlamidioz, trixomoniaz, qeyri-spesifik uretrit;
- Dəri xəstəlikləri – psoriaz, kontakt dermatit;
- Daxili orqanların xəstəlikləri – şəkərli diabet, xroniki qaraciyər xəstəliyi;
- Göbələk infeksiyası;
- Antibiotiklərin əlavə təsiri kimi – tetrasiklin, eritromisin, penisillin qəbulundan sonra;
- Bəzi qida növlərinə allergik reaksiya – acılı ədviyyatlar, pomidor, sitrus meyvələri, şokolad;
- Psixogen səbəblər – gərginlik, depressiya.
Sadalanan əlamətlərdən hər hansısa biri Sizdə varsa, həkim-proktoloqa müraciət etməyiniz məsləhətdir.
Salam 36yasim var duz baqirsaqimda colden baxanda gorunur tund goy rende danar seklinde baqirsaqin her yaninda nese var. Men hemise ishal oluram baqirsaqimda aqri da var cox qorxuram sizce bu cxan goy damara oxşar sey nedir xahis edirem cavab yazasiz cox xaiş edirem
Salam. Böyük ehtimalla babasil düyünüdür.
Eger gorsenirse bu yaxsidi.eger gorsenmeseydi emeliyat vacib olardi buda cetinlik yaradir..hekime murciyet edin mualice ile sagalacaqsiz.
Salam mende düyün var düz bağarsıkda neçiye apiraçiya edirsiz?
Salam. Bakıda yerləşən tibb müəssisələrində aparılan əməliyyatların orta qiymətləri mətndə qeyd edilmişdir. Amma dəqiq qiymət hər bir xəstənin mövcud vəziyyətinə əsasən təyin edilir. Bu, xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.