Düz bağırsaq çatının müalicəsi 

29 Avqust 2019 Kateqoriya: Babasil həkimi Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 12521
Düz bağırsaq çatının müalicəsi şəkil
3.5/5 - (12 votes)

 

Düz bağırsaq çatının müalicəsi aşağıdakı üsullarla aparılır:

  • Konservativ metod

Anal çat zamanı konservativ müalicənin effektivliyi 70%-ə çatır. Bu üsula aşağıdakılar aiddir. 

  • Defekasiyanı (nəcis ifrazını) asanlaşdıran yağlı imalələr (mikroklizmalar);
  • İşlədicilər; 
  • Furasilin tərkibli vanna qəbulu (hər defekasiyadan sonra); 
  • Çobanyastığı (romaşka) dəmləməsi ilə anal nahiyənin yuyulması; 
  • Ağrıkəsici, yarasağaldıcı, iltihabəleyhinə şamlardan istifadə. 

Çatın sağalması üçün metilurasil, çaytikanı yağından babasil şamı və ya babasil mazları tətbiq edilə bilər. Düz bağırsaq çatının müalicəsi ilə yanaşı olaraq proktoloq tərəfindən xəstəyə pəhriz, fiziki məşqlər tövsiyə edilir. Əksər hallarda düz bağırsaq xəstəlikləri uzunmüddətli diareya (ishal) nəticəsində əmələ gəlir. Bu səbəbdən həkim ishal əleyhinə adsorbentlər, fermentlər təyin edir. Xroniki anal çat zamanı anal sfinkteri relaksasiya edən (genişləndirən) preparatlara üstünlük verilir. Əgər anal nahiyədə 1 sm-dən böyük fibroz polip varsa, bu müalicə növü əks-göstəriş sayılır.  

  • Cərrahi müdaxilə

6 həftə ərzində medikamentoz (dərman) müalicə müsbət nəticə vermədikdə, bu, xəstəliyin xroniki fazaya keçməsindən xəbər verir. Belə vəziyyətlərdə cərrahi müdaxilə tələb olunur. Erkən mərhələlərdə minimal-invaziv (az travmatik) metodlardan istifadə edilir. Ağırlaşmış hallarda isə zədələnmiş toxumaların cərrahi yolla kəsilib-götürülməsi lazım gəlir.

Düz bağırsaq çatının müalicəsi 1 şəkil

Düz bağırsaq çatının müalicəsi: minimal-invaziv metodlar 

  • Arxa nahiyənin zədələnmiş toxumalarına lazerlə təsir; 
  • İnfraqırmızı fotokoaqulyasiya; 
  • Krioterapiya və ya kriodestruksiya;
  • Radiodalğalarla zədələnmiş toxumaların kəsilməsi. 

Ənənəvi əməliyyatla müqayisədə lazer əməliyyatının üstünlükləri: 

  • Ağrısız olması;  
  • Antiseptik təsir; 
  • Qanaxmanın baş verməməsi; 
  • Əməliyyatdan sonra ağırlaşmaların yaranma ehtimalının minimuma enməsi; 
  • Çatların ağrısız və sürətli şəkildə sağalması; 
  • Əməliyyatın yerində çapığın formalaşmaması; 
  • Reabilitasiya (sağalma) müddətinin qısa olması. 

Əksər hallarda babasil lazerlə əməliyyatı ilə birgə anal çat da müalicə edilir.

Düz bağırsaq çatının müalicəsi 2 şəkil

Ənənəvi cərrahi metodlar

  • Kimyəvi sfinkterotomiya (botulotoksin inyeksiyası ilə);
  • Lateral sfinkterotomiya;
  • Çatın və ətraf toxumanın kəsilib  götürülməsi. 

Düz bağırsaq çatının müalicəsi: Kimyəvi sfinkterotomiya

Spazm və ağrıların qarşını almaq, eləcə də əzələnin boşalması üçün cərrah-proktoloq anal sfinkterə botulotoksin (botoks) yeridir. Bu prosedur ambulator şəraitdə yerli keyitmə altında aparılır. Lakin onun anal çatışmazlıq (nəcis ifrazını saxlaya bilməmə) kimi fəsadı ola bilər. Bir çox xəstələrdə ilk iynədən sonra müsbət nəticələr olur. Bəzi hallarda ikinci inyeksiyaya ehtiyac yaranır. Belə vəziyyətlərdə prosedur 2-3 aydan sonra təkrarlanır.  

Lateral sfinkterotomiya

Düz bağırsaq çatının müalicəsi zamanı tətbiq olunan üsul sfinkterotomiya – sfinkterin kəsilməsi anlamını verir. Müdaxilə ümumi narkozla yerinə yetirilir. Proktoloq əvvəlcə anus yaxınlığındakı dəridə kiçik kəsik aparır. Sonra isə daxili sfinkter əzələsinin aşağı hissəsini kəsir. Bu, spazmı azaldır, qan dövranını yaxşılaşdrır. Sfinkterin kəsilməsi daimi effekt yaradır. Lateral sfinkterotomiyanın risklərindən biri əzələnin zəifləməsidir. Bu da bir çox xəstədə qaz və nəcis ifrazını saxlaya bilməmə ilə nəticələnir.  

Düz bağırsaq çatının müalicəsi 5 şəkil

Düz bağırsaq çatının müalicəsi: çat və ətraf toxumanın kəsilməsi 

Əməliyyata göstərişlər: 

  • Sfinkterotomiyadan sonra anal çatışmazlıq riski (nəcis və qazların qeyri-iradi ifrazı); 
  • Qadınlarda doğuş zamanı aralığın cırılması;  
  • Çanaq dibi sallanmasının klinik əlamətləri. 

Aparılma qaydası: elektrokoaqulyator vasitəsilə çat ətrafındakı dəridə selikli qişa kəsilir. Sonra əzələ lifləri boyu düz şəkildə böyümüş anal məməciklər və çox az sağlam toxuma üçbucaq və ya ellips şəklində kəsilir.    

Düz bağırsaq çatının müalicəsi zamanı cərrahi müdaxilə 95-100% xəstələrdə effektiv olur. Xəstə proktoloqa nə qədər tez müraciət edərsə, fəsadsız tam sağalma ehtimalı bir o qədər yüksək olur. 

Xəstəliyin profilaktikası 

Düz bağırsaq çatının inkişaf etməməsi üçün proktoloq tövsiyələrinə əməl etmək lazımdır: 

  • sağlam və balanslaşdırılmış qidalanma; 
  • müntəzəm defekasiya (nəcis ifrazı), qəbizliyin müalicəsi; 
  • aralıq nahiyyəsinin gigiyenasına əməl etmək;
  • digər düz bağırsaq xəstəlikləri ilə bağlı vaxtında həkimə müraciət etmək.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.5/5 - (12 votes)
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir