Babasilin müalicəsi varmı? Bu məqalədə babasili necə müalicə etmək olar sualına geniş cavab verəcəyik.
Xoşbəxtlikdən tibbin çox sürətlə inkişaf etdiyi dövrdə yaşayırıq. Əksər xəstəliklər kimi babasil də müalicə olunan patologiyadır.
Babasil zamanı nə etməli?
Babasili digər düz bağırsaq xəstəlikləri ilə səhv salmamaq üçün ilk növbədə proktoloq həkimə müraciət etməlisiniz. Diaqnoz qoyulduqdan sonra, xəstəliyin ağırlıq dərəcəsindən və formasından asılı olaraq,həkim babasilin müalicəsi üsullarından bir və ya bir neçəsini təyin edir.
Babasil necə müalicə olunur?
Əgər babasilin inkişafı 1 və ya 2 ci mərhələdədirsə konservativ üsul, yəni dərman müalicəsi kifayət edir. Dərmanların həm daxilə qəbulu, həm də xaricə (yerli) tətbiqi yaxşı nəticələr verir.
Babasilin müalicə üsulları:
Konservativ medikamentoz – dərman preparatları ilə
Babasil üçün nə etməli? Hemorroyun müalicəsi zamanı dərman vasitələrindən istifadə olunmalıdır?
Qeyri-steroid iltihabəleyhinə dərmanlar və ağrıkəsicilər – iltihabı, ödemi (şişkinliyi) azaldır, ağrını götürür. Məsələn, Analgin, Diklofenak, İbuklin və s.
Venotoniklər – damar tonusunu yaxşılaşdırır, venoz dartılmanı azaldır, tromb yaranmanın qarşısını alır. (Detraleks, Flebodia, Venaton, Trokserutin (gel)
Hemostatiklər – qanaxmanı dayandırır. Məsələn, Vikasol, Disinon, Kalsium xlorid.
Antikoaqulyantlar – babasil düyünlərinin trombozlaşmasının qarşısını alır. (Heparin)
İşlədicilər – nəcis ifrazını normalaşdırır. (Dufalak, Normaze, Bisokadil)
İmalələr (klizma) – defekasiyanı normalaşdırır. (İsti su, vazelin yağı, kalium xlorid və ya maqnezium məhlulu)
Şamlar – qan axınını stimullaşdırır. İltihabəleyhinə, ağrıkəsici təsir göstərir. (Proktosedil, Relif, Troksevazin, Prokto-qlivenol, Posterizan və s.)
Əgər babasil 2 və ya 3-cü mərhələdədirsə və dərman preparatları ilə müalicə mümkünsüzdürsə, daha az travmatik üsullar: İnfraqırmızı şüalarla müalicə, Skleroterapiya, Liqaşur, Krioterapiya icra edilir. Bu üsullar cərrahi (kəsiklə) müdaxilədən az zədələyici olması, prosedurdan sonra sağalma dövrünün qısa sürməsi, tez bir zamanda normal həyat rejiminə qayıdılması ilə fərqlənir.
Babasilin 4 üsulla müalicəsi:
İnfraqırmızı şüalarla müalicə: İnfraqırmızı koaqulyatorun köməyilə həkim düyünlərə yüksək temperaturla təsir edir, damarları yandırır. Bu əməliyyat üçün narkoz tələb edilmir, zədələnmə faizi çox aşağıdır. Koaqulyasiyanı (damar yandırmanı) həmçinin lazer vasitəsilə də etmək mümkündür.
Skleroterapiya: Babasil düyünlərinə qan damarlarının divarını yapışdıran xüsusi maddə yeridilir. Xəstədə ağrı sindromunun yaranmaması üçün maddəni maksimum 2-3 düyünə yeridirlər. 2 həftədən sonra növbəti seans keçirilir.
Hemorroidal düyünlərin lateks halqalarla liqaşuru (bağlanması).Bu metod daha çox yaşlı xəstələrə tətbiq olunur. Üsulun mahiyyəti düyünlərin əsasına lateksdən həlqə (üzük) qoymaqla, onun nekrozu və qopub düşməsindən ibarətdir. Bu halda qanaxma olmur. Qopmuş düyünün yerində çapıq toxuması əmələ gəlir. Prosedur tam ağrısızdır və toxuma zədələnməsinə rast gəlinmir.
Krioterapiya. Bu metodda düyünü çox aşağı temperaturla dondururlar. Nəticədə düyün düşür, onun yerində çapıq toxuması inkişaf edir. Əməliyyat yerli keyitmə ilə (narkozla) aparılır.
Yuxarıda sadalanan metodlar yalnız babasilin ağırlaşması olmadıqda tətbiq edilir. Əgər xəstəlik kəskin hal alıbsa, əvvəlcə iltihabın müalicəsi aparılmalı, babasil qanaxması azaldılmalı, daha sonra adı çəkilən üsullar yerinə yetirilməlidir.
Babasilin müalicəsi: cərrahi üsul
Xəstəliyin 4-cü mərhələsində cərrahi müdaxilə göstərişdir. Əməliyyat (hemorroidoektomiya) belə aparılır: düyünlər qrup şəklində kəsilir, onların əsasına liqatura qoyulur, yaranın kənarları tikilir. Xəstəliyin cərrahi müalicəsi çox effektivdir və nadir hallarda residiv (yenidən əmələ gəlmə) inkişaf edir. Lakin əməliyyatdan sonra ağırlaşmalar: ağrılar, qanaxma, spaykalar (bitişmələr), anal kanalın deformasiya olunması, arxa dəliyin daralması, yaraların irinləməsi ola bilər.
Əməliyyatdan sonra
Həkim tərəfindən yazılmış rejimə riayət etmək lazımdır. Müəyyən müddət fiziki aktivlikdən və isti vannalardan imtina etmək gərəkdir.