Babasil həkimi, yəni proktoloqdüz və S-vari bağırsaq patologiyaları başda olmaqla, yoğun bağırsaq xəstəliklərindən əziyyət çəkən insanları müayinə və müalicə edir. Onun məşğul olduğu sahə isə proktologiya adlanır.
Hansı hallarda babasil həkimi qəbuluna getmək vacibdir?
İshalla növbələşən xroniki qəbizlik;
Defekasiya (nəcis ifrazı) zamanı və ya oturaq vəziyyətlərdə anal nahiyədə və düz bağırsaqda artan ağrılar;
Defekasiyadan sonra bağırsağınızın tam boşalmadığını hiss etdiyinizdə;
Anal dəlik ətrafında səpki, qaşınma, iltihab, şişkinlik əlamətləri;
Düz bağırsaq sallanması (anal dəlikdən xaricə çıxması);
Qarnın aşağı hissəsində tez-tez yaranan ağrılar.
Babasil həkimi xəstəni hansı yolla müayinə edir?
İlkin qəbulda həkim xəstədən anamnez toplayır, yəni şikayətləri barədə suallar verir. Daha sonra babasil həkimi ilkin baxış keçirir. Qarnın aşağı hissəsini və düz bağırsağı palpasiya (əllə müayinə) edərək anal çat, babasil xəstəliyi, şişlər, düz bağırsaq zədələnməsi kimi patologiyaları aşkara çıxarır. Daha ətraflı müayinə isə alətlər vasitəsilə instrumental şəkildə həyata keçirilir.
Müayinəyə necə hazırlaşmalı?
– Müayinədən 2 gün öncə bağırsaqda böyük nəcis kütlələri və qaz əmələgəlməni azaltmaq məqsədilə pəhriz saxlamaq lazımdır. Kartof, süd, lobyalı bitkilər, çörək, qazlı içkilər, çiy meyvə-tərəvəzləri qida rasionundan çıxartmaq lazımdır;
– Müayinədən bir neçə saat öncə bağırsağı həkimin təyin etdiyi xüsusi dərmanla təmizləmək gərəkdir. Preparatın qəbul qaydası qutudakı içlik vərəqində qeyd olunur. Bəzi hallarda imalə (klizma) aparıla bilər. Müayinədən əvvəl qida qəbulu qadağandır.
Proktoloq müayinəsindən kimlər keçməlidir?
Babasil həkimi qəbuluna yalnız xəstələndikdə deyil, profilaktika üçün də müraciət etmək olar. İkinci halda düz bağırsaq xəstəlikləri ilə qarşılaşmamağınız üçün həkim müəyyən məsləhətlər verir.
Risk qrupuna daxil olan insanlar:
Artıq çəkisi olanlar;
Hamilələyin axırıncı trimestrində (6 aydan sonra) və doğuşdan sonra;
Ailə üzvlərində və yaxın qohumlarında bağırsağın onkoloji xəstəlikləri olanlar;
40 yaşından yuxarı insanlar.
Bu qrup şəxslər müntəzəm şəkildə proktoloqun müayinəsindən keçməlidir.
Babasil həkimi necə müayinə aparır?
Həkim anoskop və rektoromanoskop vasitəsilə düz bağırsağın daxilinə baxaraq, selikli qişanın vəziyyətini dəyərləndirir. Anoskop ilkin, icbari və səthi müayinə vasitəsidir. O, düz bağırsağın 14 sm dərinliyinə kimi yeridilir – bu əsnada ehtiyac olduqda həkim yaxma və yaxud biopsiya üçün material götürür.
Daha dəqiq və ətraflı müayinə rektoromanoskop vasitəsilə aparılır. Cihaz bağırsağın 40 sm dərinliyinə salınaraq, yoğun bağırsağın nəinki selikli qişası, eləcə də tonusu və peristaltikası (yığılıb-boşalması) haqqında məlumat əldə edilir.
Bundan əlavə kolonoskopiya kimi informativ müayinə üsulu da mövcuddur. Proseduru yerinə yetirərkən müayinə ilə yanaşı, digər müdaxilələr – qanaxmanı dayandırma, yad cismi çıxartma, kiçik ölçülü xoşxassəli sişləri və polipləri xaric etmək mümkündür.
Babasil həkimi hansı analizləri təyin edir?
Diaqnozun qoyumasında instrumental müayinə ilə yanaşı, laborator analizlər də mühüm əhəmiyyət kəsb edir:
Nəcisdə qurdun, gizli qanın təyini;
Nəcisin əkilməsi;
İPV (insan papilloma virusu) və onkomarkerlərin yoxlanılması.
Babasil həkimi məsləhəti
Babasil və digər düz bağırsaq xəstəlikləri üzrə risk qrupuna daxil olan insanlara tövsiyələr:
Qəbizlik və ishal yaranmaması üçün qida rasionunuzu balanslaşdırın, meyvə və tərəvəzlərə üstünlük verin;
Qəbizlik hallarında gündə 2 litrə qədər su qəbul edin;
Alkoqol, siqaret kimi zərərli vərdişlərdən uzaq durun;
Aktiv həyat tərzi keçirin, idmanla məşğul olun;
Gigiyena qaydalarına əməl edin – hər dəfə nəcis ifrazından sonra anal dəlik və onun ətrafını sabunla yuyun;