Babasil ağrıları zamanı nə etməli?

Babasil xəstəliyi düz bağırsaq və anal nahiyədə diskomfort və ağrı hissi ilə özünü büruzə verir. Bir çox insanı xəstəliyin kəskinləşmə dövründə yalnız bir sual maraqlandırır – babasil ağrıları zamanı nə etməli? Gəlin ilk öncə bu ağrıların səbəbini və xarakterini bir qədər araşdıraq.
Babasil ağrıları nədən yaranır?
Başlıca səbəb iltihabi proses və düz bağırsaq toxumalarının zədələnməsidir.
Babasil ağrıları necə olur?
İltihab nəticəsində anal dəlik və ətraf toxumanın divarları kövrəkləşir, nazilir. İltihablaşmış və ödemli (şişkin) selikli qişa sinir uclarına təzyiq edir, cavab reaksiyası olaraq ağrı simptomu yaranır. Bağırsaqdan nəcis daşları, bərkləşmiş fekal kütlələr keçdiyi zaman divarlar zədələnir. Bu da tədricən anal çata gətirib çıxarır. Beləliklə, bir xəstəlik digərini doğurur, ağrı simptomu daha da kəskinləşir. Xəstə defekasiya (nəcis ifrazı) aktından qorxaraq, onu ləngitməyə çalışır. Nəticədə qəbizlik yaranır, vəziyyət daha da ağırlaşır.
Babasilin erkən mərhələsi
Xəstəliyin erkən mərhələlərində çox az adam babasil ağrıları zamanı nə etməli sualını verir. Çünki başlanğıcda babasil əlamətləri zəif olur. Ağrı sindromu tez bir zamanda öz-özünə keçib gedir. Yüngül formalı diskomfort – bağırsaqda yad cisim hissi meydana çıxır.
Daxili babasil zamanı ağrılar daha şiddətli olur. Bu, daxili düyünlərin get-gedə böyüməsi və iltihablaşması ilə əlaqədardır.
Adətən ağrı defekasiya zamanı baş verir. Xəstə anal kanalda pulsasiya, yanma və dartılma hiss edir.
Babasilin ikinci mərhələsi
İkinci mərhələdə bu simptomlara, bel-oma nahiyyəsində ağrılar, bağırsaqda ağırlıq hissi qoşulur. Qəbizlik, meteorizm bəzi hallarda diareya əvvəlkindən daha da sıx ola bilər.
Babasilin III və IV mərhələsi
Ağrı davamlı xarakter alır. Düyünlər anal kanaldan xaricə sallanır. Bu, xəstəliyin artıq gecikmiş forması hesab edilir. Əsas fərq ondan ibarətdir ki, III mərhələdə sallanan düyünləri xəstə əli ilə içəri sala bilir. IV mərhəldə isə bu mümkün olmur. İltihablaşmış düyünlər o qədər şiddətli ağrıyır ki, hətta tualet kağızı ilə toxunduqda dözülməz olur.
Babasil ağrıları zamanı nə etməli ?
Ağrı simptomunu azaltmaq üçün müxtəlif formalı babasil dərmanı tətbiq edilir:
– Həblər
– Babasil kremləri və mazları
Kremlər və mazlar yerli istifadə üçün nəzərdə tutulmuşdur. Xarici babasilin müalicəsi zamanı yerli vasitələr daha effektiv sayılır. Yadda saxlamaq lazımdır ki, ağrıkəsicilər xəstəliyi müalicə etmir, yalnız simptomları bir qədər yüngülləşdirir. Babasil isə daxildə öz inkişafını davam etdirir.
Babasil ağrıları zamanı nə etməli – əlavə üsullar
Xəstələrə sakit vəziyyət almaq, fiziki məşq və hərəkətləri dayandırmaq tövsiyə olunur.
Babasil ağrıları zamanı nə etməli – təbii müalicə
Anal sfinkterin spazmını azaltmaq üçün müxtəlif kompresslər etmək olar. Onlar bitki dəmləmələri və tərəvəzlərdən hazırlanılır. Həmçinin aloe şirəsi və kartof suyu ilə oturaq halda vanna qəbulu ağrıları azaltmağa kömək edir.
Babasil ağrıları zamanı nə etməli – qadağalar
– xəstəlk kəskinləşdikdə sallanmış düyünlərə qətiyyən təzyiq göstərməyin. Unutmayın ki, babasil düyünü genişlənmiş və kisə şəklini almış qan damarıdır. Bu səbəbdən hər bir ehtiyatsız davranış düyünün dağılmasına, şiddətli qan itirməyə gətirib çıxara bilər;
– acılı, ədviyyatlı qidalar, spirtli içkilərdən imtina edin;
– həkimin təyinatı və ya tövsiyəsi olmadan mənşəyini bilmədiyiniz vasitələri tətbiq etməyin;
– ağırlıq qaldırmayın, kəskin və ani hərəkətlər etməyin;
– qida rasionunda asan parçalanan karbohidratları (çörək və un məhsulları, şirniyyatlar) azaldın;
– su və şəkərsiz maye qəbulunu artırın;
– tünd çay və kofeni məhdudlaşdırın.
Anal nahiyədə ağrının şiddətindən və davamlılığından asılı olmayaraq, belə vəziyyətlərdə vaxt itirmədən proktoloq həkimə müraciət etməyiniz gərəkdir.