Babasil xəstəliyi və müalicəsi

Babasil xəstəliyi (hemorroy) əhali arasında çox yayılsa da, bir çox insan qorxu, məlumatsızlıq və ya utancaqlıq səbəbindən həkimə müraciət etmir. Hemorroy anal nahiyədəki venoz kələf damarlarının genişlənməsidir. Qadınlara nisbətən kişilər bu xəstəlikdən daha çox əziyyət çəkir.
Babasili yaradan amillər aşağıdakılardır:
- Orqanizmin quruluş xüsusiyyətləri: birləşdirici toxuma və qan damarları divarlarının tonusunun zəif olması və ya düz bağırsaq venalarında qapaqların olmaması;
- Yoğun bağırsağın funksiyasının tez-tez və uzunmüddətli pozulması (qəbizlik, ishal);
- Ayaqüstü iş;
- Oturaq və ya az hərəkətli həyat tərzi;
- Acılı, ədviyyatlı qidalar, spirtli içkilərin qəbulu
- Gündəlik rasionda bitki lifi ilə zəngin qidaların azlıq təşkil etməsi;
- Qarındaxili təzyiqin kəskin yüksəlməsi (doğuş, ağırlıq qaldırma ilə əlaqədar).
Babasil xəstəliyi 2 formaya bölünür: xarici və daxili. Onlara adətən ayrı-ayrılıqda rast gəlinir. Bəzən ağırlaşmış hallarda hər 2 forma birlikdə inkişaf edə bilər ki, bu da qarışıq babasil xəstəliyi kimi qiymətləndirilir.
Müalicəsi
Babasil xəstəliyi və müalicəsi ilə proktoloq məşğul olur. Hazırda müxtəlif növ babasil dərmanı mövcuddur. Onlar 2 qrupa bölünür:
- kompleks təsirli (daxilə qəbul edilir);
- yerli təsirli (maz və ya şamlar).
Babasilin müalicəsi zamanı daha çox yerli təsir edən preparatlardan istifadə edilir. Bu preparatlar tərkiblərinə görə fərqlənir. Dərmanların təsir mexanizmi xəstəliyin əlamətlərinin aradan qaldırılmasına əsaslanır.
Babasilin müalicəsi zamanı tətbiq edilən kombinəolunmuş üsullar
Kombinəolunmuş metod dedikdə həm medikamentoz, həm də cərrahi üsulların birlikdə təyin edilməsi nəzərdə tutulur.
Xəstəliyin müalicəsi zamanı babasilin inkişaf mərhələsinə görə metodların sıralanması aşağıdakı qaydada olur:
I mərhələ – hemorroy əleyhinə şamlar+ heparın tərkibli babasil mazı + düyünlərin skleroterapiyası və ya infraqırmızı koaqulyasiya;
II mərhələ – I mərhələdə qeyd olunan üsullar və ya lateks halqaları ilə liqaşur;
III və IV mərhələ – lateks halqaları ilə liqaşur. Hemorroidektomiya.
Babasil əməliyyatından sonra tərkibində heparin olan babasil mazı təyin edilir.
Babasil xəstəliyinin profilaktikası məqsədilə bəzi tövsiyələrə riayət etmək gərəkdir:
- Qəbizliyin qarşısını almaq üçün pəhriz saxlamaq;
- Gündə 2-3 dəfə 10 dəqiqə müddətində ilıq kalium permanqanat (marqansovka) vannasında oturmaq;
- Çaytıkanı, itburnu yağı, vazelin tərkibli təmizləyici və müalicəvi imalələr (klizmalar) etmək;
- Arxa dəliyin gigiyenasına əməl etmək.