Babasil nədir

Babasil (digər adı – hemorroy) düz bağırsaq venalarının genişlənməsidir. Gəlin baxaq babasil nədir və hansı əlamətlərlə ifadə olunur? Genişlənmiş kisəvari venalar qanla dolaraq, düyünlər əmələ gətirir. Müəyyən şəraitdə bu düyünlər zədələnərək, qanaxmaya gətirib çıxarır.  

Bu xəstəlikdən əziyyət çəkən insanlarda diskomfort, ağrı, anal nahiyədə babasil qaşınması, yanğı hissi, bəzən selik ifrazı müşahidə olunur.   

Babasil nədir? Onun risk faktorları hansılardır?

Babasilin risk amilləri kiçik çanaq və düz bağırsaqda qan durğunluğuna, venaların genişlənməsinə səbəb olur. Bunlara aşağıdakılar aiddir:

– oturaq həyat tərzi

– xroniki qəbizlik

– ağırlıq qaldırma

– piylənmə

– rasionda yağlı, acılı, ədviyyatlı qidaların normadan çox olması

– həddindən artıq alkoqol istifadəsi

Babasil nədir şəkil

Babasil nədir? Onun hansı növləri var?

Babasil xəstəliyi düyünlərin yerləşməsindən asılı olaraq, daxili və xarici formalara bölünür. Eyni şəxsdə hər 2 formanın rast gəlinməsi kombinəolunmuş, yəni qarışıq babasil kimi qiymətləndirilir. 

Xarici babasil nədir?

Xəstəliyin bu formasında anusda yerləşən düyünlər genişlənir. Xarici hemorroidin diaqnozu adətən erkən mərhələlərdə qoyulur. Çünki xüsusi müayinə aparmadan anal bölgədəki iltihablaşmış düyünlər dəri altında asanlıqla aşkar edilə bilər. Hemorroyun bu növündə qanaxma demək olar ki, olmur. Xəstələr daha çox rektal bölgədəki ağrıdan şikayətlənirlər. Xarici düyünlər iltihablaşmaya və zədələnməyə meylli olur.

Daxili babasil nədir?

Daxili hemorroy – düz bağırsağın selikli qişasının altında yerləşən düyünlərdir. Bu formaya erkən mərhələdə diaqnoz qoymaq çətinlik törədir. Belə ki, başlanğıc dövrlərdə düyünlər xaricdən görünmür və xəstəyə elə bir narahatlıq vermir. Daxili babasilin əsas əlamətlərinə nəcisdə qan və ağrılı defekasiya aiddir.

Qarışıq babasil nədir? 

Qarışıq forma həm xarici, həm də daxili düyünləri özündə cəmləşdirir. Digər formalarla müqayisədə əlamətlər daha kəskin olur.

Düyünlər xaricdə yerləşdikdə müalicə məqsədilə – babasil mazları və kremlər, daxili formada isə şamlar təyin edilir. 

Babasil nədir 1 şəkil

Babasil nədir? Kəskin və xroniki forma 

Kəskin hemorroy sürətlə inkişaf edir, iltihabi proses düyünlərdən ətraf toxumalara yayılır. Xəstə şiddətli ağrıdan əziyyət çəkir, gəzərkən və bədənin vəziyyətini dəyişdirərkən ağrı intensivləşir. Tromboz səbəbindən düyünlərdə nekrotik dəyişikliklər də baş verə bilər. Belə vəziyyətlərdə tibbi yardım üçün proktoloq həkimə müraciət edilməlidir. 

Xroniki hemorroy tədricən – bir neçə ay və ya il ərzində inkişaf edir. Proses getdikcə ağırlaşır  – qanaxma olur, düyünlər trombozlaşır, anal dəlikdən sallanır (boğulur) və bir çox narahatlıqlara səbəb olur. Remissiya (sakitlik) dövründə, risk faktorları yoxdursa, xəstə praktik olaraq narahatlıq hiss etmir.

Babasil nədir? Onun mərhələləri 

Birinci mərhələ – simptomlar yüngül formada təzahür edir. Onlar yalnız xüsusi hallarda (məsələn, bağırsaq pozğunluqları, ağır fiziki işdən sonra, uzun müddətli  oturaq vəziyyət, ədviyyatlı qidalanma və s.) özünü büruzə verir. Bəzən xəstə defekasiya zamanı (nəcis ifrazı) və ondan sonra anal nahiyədə yanğı, qaşınma hiss edir. İlkin mərhələdə risk faktorlarının uzaqlaşdırılması məqsədilə həyat tərzini dəyişdirmək tövsiyə olunur. Simptomların aradan qalxmasına və damarların möhkəmlənməsinə yönəlmiş konservativ müalicə təyin olunur. 

Babasil nədir 2 şəkil

İkinci mərhələ – hemorroidal düyünlər böyüyür, divarları nazikləşir. Bu da öz növbəsində qanaxmaya səbəb olur. Fiziki gərginlikdən, defekasiya aktından sonra tualet kağızı və ya alt paltarında qan izlərinə rast gəlmək mümkündür. Ancaq qanaxma yüngül formada olur və tez keçir. Hemorroidal düyünlər böyüyərək, defekasiyadan sonra anusdan xaricə çıxa bilər. Lakin onlar öz-özlərinə əvvəlki vəziyyətə qayıdırlar. Xəstələrdə ağrı, qaşınma və yanğı daha qabarıq olur. Bu mərhələdə konservativ müalicə aparılır.

Üçüncü mərhələ – anal sfinkter distrofik dəyişikliklərə məruz qalır və zəifləyir. Bunun nəticəsində sallanmış düyünlər yalnız barmaqla geriyə qaytarılır. Xəstə şiddətli ağrı, güclü qaşınma, tez-tez təkrarlanan qanaxmadan şikayət edir. Bu mərhələdə konservativ və mikrocərrahi üsullar tətbiq edilir.

Dördüncü (sonuncu) mərhələ – hemorroidal düyünlər o qədər böyüyür ki, onları hətta barmaqla yerinə salmaq mümkün olmur. İltihabi proses kəskinləşir. Müntəzəm qanaxma anemiyaya səbəb olur. IV mərhələdə yalnız əməliyyat effektivdir.

Bu məqalədə babasil nədir sualına geniş formada cavab verməyə çalışdıq. Sonda onu da qeyd edək ki, xəstəliyin forma və mərhələsindən asılı olmayaraq, əsas məqsəd həyat tərzini çətinləşdirən simptomların öhdəsindən gəlməkdir. Bunun üçün proktoloq həkimin müayinəsindən keçmək və müalicəyə başlamaq lazımdır.